İmmun sistemini necə möhkəmləndirək? MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

7 Fevral 2019 13:36 (UTC+04:00)

“Hər kəs havaların dəyişməsinə hazır olmalıdırlar. Xüsusilə də qış mövsümündə buna diqqət etməli, geyimimizə fikir verərək özümüzü soyuqdan qorumalıyıq”. Bu fikirləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti, Azərbaycan Tibb Universitetinin dosenti Cəlal İsayev deyib.

O bildirib ki, i soyuqdəymə orqanizmin zəifləməsinə səbəb olur və nəticədə bir çox, xüsusilə də hava damcı yolu ilə yayılan infeksiyalara yoluxma ehtimalı artır: “Bura qrip, para qrip, Adena, Rino virusu və digərləri daxildir. 200-dən artıq virus növü var ki, onların hər biri zökəm əlamətləri ilə gedir, qripəbənzər sindroma malik olaraq xəstəlik törədir. Havanın dəyişməsi bu cür xəstəliklərin sayının artmasına səbəb olur”

Baş infeksionist vurğulayıb ki, havanın dəyişməsi orqanizmin ümumi zəifləməsinə gətirib çıxarır ki, bu da nəticə etibarı ilə bir sıra bakterial infeksiyaların baş qaldırmasına səbəb ola bilər: “Xroniki xəstəliklərimiz varsa, onlar belə hava şəraitində daha da ağırlaşa bilər. Hava dəyişməsi bütün hallarda insan orqanizminə səbəb olan faktorlardan biridir”.

C.İsayev qeyd edib ki, insanlar dəyişkən hava şəraitinə hazırlıqlı olmaq üçün ilk növbədə immun sistemlərini möhkəmləndirməlidirlər: “İmmun sistemini gücləndirmək üçün düzgün qidalanmaya xüsusi fikir verilməlidir. Qidalarımız tam keyfiyyətli, təmiz olmalı, müxtəlif qatqılar olan qidalar qəbul edilməməlidir. Vitaminlərə, zəngin minerallara, ən əsası da meyvə və tərəvəz üstünlük verməliyik. Vətəndaşlarımız vaxtında qidalanmaya fikir verməlidirlər. Digər tərəfdən açıq havada çox, fiziki cəhətdən aktiv olmalıyıq. İdmanla məşğul ola bilmiriksə, o zaman təmiz havada gəzmək şərtdir. Yuxumuz normal olmalıdır. Yuxu normal olarsa, immun sistemimiz daha da qüdrətli olar. Nəhayət stresslərdən uzaq olmalıyıq. Xroniki xəstəliyi olanlar dəyişkən hava şəraitində daha çox diqqətli olmalıdırlar. Çünki onlarda orqanizm daha zəif olur belə hallar orqanizmin daha zəifləməsinə gətirib çıxara bilir. Yaşlı insanlar, hamilə qadınlar o cümlədən körpələrin qidalanmasına xüsusi fikir verilməlidir”.