Dərbənddə əsl həmrəylik gördük - FOTOLAR

25 Yanvar 2019 16:25 (UTC+04:00)

Əslində Dərbəndə bir həftə əvvəl getməliydim. Rusiya Yazıçılar Birliyi Dərbənd (Azərbaycan) bölməsinin sədri Fəxrəddin Orucla və Zeynəb Dərbəndli ilə danışığımız belə olmuşdu. Lakin müəyyən vacib səbəbdən səfər bir qədər təxirə salındı. Bu mənim də ürəyimcə oldu. Bir müddət sonra Dünya Azərbaycanlılarının Həmrəylik günü yaxınlaşırdı.

Dərbənddə ədəbi mühitin üzvləri ilə görüş təşkil olunacaqdı. Tanışlıq məqsədi ilə təşkil olunan görüşdə nəşr etdiyim “Xəzan” ədəbi-bədii jurnalın son nömrəsini təqdim edəcəkdim, hansı ki, bu nömrədə Dərbənddə yaşayıb-yaradan söz adamlarının qələm məhsulları da yer almışdı.

Rusiya, Azərbaycan, İraq-Türkmən Yazıçılar Birliklərinin üzvü, şair-müğənni Zeynəb Dərbəndlinin ““Xəzan” jurnalı Dərbənddə” başlıqlı elanını sosial şəbəkədən jurnalın redaksiya heyəti üzvlərindən məndən əvvəl oxuyanlar məlumat verdilər, hətta mənimlə bərabər getmək istədiklərini bildirdilər.

Zeynəb xanım görüşün 28 dekabr 2018-ci il saat 14.00-da Dərbənd Mərkəzi Kitabxanasında təşkil olunacağını həm Azərbaycan, həm də Rus dilində qeyd etmişdi.

Təyin olunan vaxtda yola çıxdım. Hava çox tutqun, yağışlı-çiskinli, bir az da soyuq olsa belə yolu maneəsiz qət etdik. Dərbənd Mərkəzi Kitabxanasına çatanda artıq günorta idi. Yolboyu heç bir telefon əlaqəsi saxlamadığımızdan Fəxrəddin Oruc səbirsizliklə orda bizi gözləyirdi.

Adamlar toplaşandan, bir-birimizlə tanış olub qısa hal-əhval tutandan sonra masa ətrafında yerlərimizə keçdik və “Gülüstan” ədəbiyyatçılar birliyinin sədri, Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvü Tahir Saleh rəsmən tədbirin başlandığını elan etdi. Maraqlı idi ki, görüşümüzə Dərbənddə yaşayan təkcə azərbaycanlılar deyil, həm də başqa xalqların nümayəndələri də qatılmışdı. Bu mənə daha çox qürur verirdi və bunu qeyd etməyə bilməzdim. Mən coşqu ilə Dağıstanda yaşayan otuzdan çox xalqın nümayəndələrinin hamısını azərbaycanlı kimi doğma bildiyimi söylədim və həmrəy fikirlərlə qarşılandım.

Görüşdə Rusiya Yazıçılar Birliyi Dərbənd (Azərbaycan) bölməsinin sədri Fəxrəddin Oruc Qəribsəs, Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvü, şair-müğənni Zeynəb Dərbəndli, Dərbənd Mərkəzi Kitabxananın direktoru Diana Hafisovna Əliyeva, Rusiya Yazıçılar Birliyinin üzvü Qədirbəy Ömərov, şairlər Tahir Saleh, Təhmiraz İmamov, Əbdülqadir Müsafir, Elman Abbas, Hacıağa Məhəmmədşərifov və Adil Qubalı (o da qonaq qismində iştirak etdi), Tabasaran şairələri Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvü, filologiya elmləri doktoru Elmira Aşurbəyova və Rusiya Yazıçılar Birliyinin üzvü Şüşəxanım Kərimova, Dərbənd şəhər idman gənclər və mədəniyyət mərkəzinin baş təsisçisi Gülpəri Şabanovna (Mirzəbalayeva – soyadı belə olsa da hamı “Şabanovna” deyə müraciət edir), Dərbənd şəhər 6 nömrəli internat məktəbin Azərbaycan dili müəllimi Samaya Sadıkovna Əlibəyova, “Dərbənd” qəzetinin əməkdaşı Ayna Məmmədova və gənc istedad, Rusiya dəmir yolları Dərbənd dəmiryol kollecinin müdavimi Əli Həsənov və başqaları iştirak etdilər.

Çıxışlarda Dünya Azərbaycanlılarının, o cümlədən Dağıstan xalqlarının, xüsusən də Dərbənddə yaşayanların mehribançılığından, istiqanlılığından, müxtəlif adət-ənənələrə məxsus xalqların bir-birinə qarşı sayğı və hörmətindən, Rus ədəbiyyatı ilə paralel Azərbaycan ədəbiyyatında gedən ədəbi proseslərdən və bu proseslərdə “Xəzan” ədəbi-bədii jurnalının faydalı və təkanverici fəaliyyətindən bəhs olundu.
Ən heyrətdoğurucu məqam Diana Əliyevanın təqdim etdiyi gənc istedad Əli Həsənovla tanışlıq oldu.
-Dünən bu gənc mənə müraciət etdi və Nəsiminin qəzəllərini oxumaq istədiyini bildirdi. Kitabxanaya rəhbərlik etdiyim müddətdə ilk dəfə idi ki, belə gənc yaşında kimsə məndən Nəsiminin qəzəllərini istəyirdi.

Diana xanımım təqdimatından sonra görüş iştirakçıları gəncin özünü dinləmək istədiklərini bildirdilər. Əli Həsənov öz həyat hekayəsini danışdı. Hansısa dini təriqət üzvlərinin təsiri altına düşdüyünü, bir ərəb şairinin kitabını oxuduğunu, mənən ruhdan düşdüyünü, sanki onu həyata bağlayan bütün tellərin qırıldığını, daha yaşamaq istəmədiyini, hətta intihar etmək qərarına gəldiyini bildirdi. Bu zaman ona Nəsimini oxumağı tövsiyyə edirlər. Nəsimi yaradıcılığı ilə qısa tanışlıqdan sonra o, insanın necə dəyərli bir varlıq olduğunu dərk etməyə başlayır və ürəyində yaşamaq, özü də cəmiyyətə fayda verəcək dərəcədə yaşamaq üçün yeni ümid cücərtiləri baş qaldırır.

Görüşün rəsmi hissəsi sona çatdıqdan sonra qonaqlara qarşı çox diqqətli və qayğıkeş olan Diana xanımın təşkil etdiyi çay süfrəsi arxasında səmimi söhbətimizi davam etdirdik.

Elə həmin axşam Zeynəb Dərbəndlinin iki daşın arasında vaxt tapıb hazırladığı bizim Dərbəndə gəlişimizdən və keçirilən görüşdən bəhs edən “ƏN GÖZƏL HƏMRƏYLİK” başlıqlı yazısı sosial şəbəkələrdə yayıldı.

Ertəsi gün Zeynəb Dərbəndlinin müşayiəti ilə Dərbəndin əzəmət simvolu Narın Qalanı gəzdik. Qalaya “Dərbənd qalası” da deyirlər. Bələdçi götürmədiyimizdən Zeynəb xanımın məlumatları ilə kifayətləndik.
-Dərbəndə gələsən, Narın Qalada olmayasan, bu Dərbəndə gəlmək sayılmaz. Bulvar, Sahil bağı, yaraşıqlı binalar, meydanlar, Veteranlar xiyabanı bir çox şəhərlərdə var, amma belə qala yalnız Dərbənddədir. – Zeynəb xanım tam həqiqətləri ifadə edir.

Qala iki hissədən ibarətdir; dağ qoynunda yerləşən Narın Qalanın özü və Xəzər dənizinədək uzanan qolları, hansı ki, bu qollar qaladan əvvəl tikilib və keçidi bağlayıb.

“Böyük Qafqaz sıra dağlarına daxil olan Calqan dağ silsiləsi Xəzər dənizinə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi bağlayırdı. Tarixdə “Hun keçidi” də adlandırılıb.

Dərbənd qalası ilkin orta əsrlərin Azərbaycan istehkam tikintisinin şah əsəridir. İnşaat texnikasının yüksək səviyyəsinə, rəngarəng relyefinə uyğun planlaşma-məkan quruluşuna, memarlıq kütlələri, biçimlərinin emosional təsir gücünə görə Dərbənd şəhəri tikinti və şəhərsalma sənətimizin görkəmli uğuru idi. Dəmirqapı Dərbənd – el içində bu adla tanınmağın bir səbəbi onun hərbi-strateji baxımdan çox məsuliyyətli bir yerdə keçidi qapayan iki paralel divar arasında yaranmış möhkəm qapı şəhər olması idi. El yaddaşında, eləcə də səyyahların yol yazılarında Dərbənd Dədə Qorqudun basdırıldığı müqəddəs yer kimi də anılır”. (“Vikipediya”dan)

Narın Qaladan xoş təəssüratla, qürur hissi ilə ayrıldıq.

Ordan birbaşa Dərbənd şəhər 6 saylı internat məktəbə gəldik. Vaxtın azlığından yalnız məktəbin ümumi görünüşü və Azərbaycan dili kabineti ilə tanış ola bildik. “Bu kabinetin köməkliyi və vasitəsi ilə fənn müəllimi Samaya Əlibəyova gerçəkdən xariqələr yaradıb. Kabinet məktəbdə təhsil alan azərbaycanlılar üçün müqəddəs məbədgaha çevrilib. Məşğələlər, açıq dərslər, doğma dil ilə bağlı tədbirlər o qədər yüksək səviyyədə təşkil olunur və keçirilir ki, dəhlizdə keçənlər ayaq saxlayıb dinləyir, sinifin aztutumlu olmasına baxmayaraq ayaq üstə də olsa dayanıb dinləməyə, seyr etməyə üstünlük verirlər”. Bunu dərs hissə müdiri dedi, onun üçün bizim maraqlanmağımız göydəndüşmə oldu.

Samaya Sadıqovna (Əlibəyova) burada təşkil olunan tədbirlərdən söhbət açdı, “Ana dili günü”, “Müəllimlər günü”, Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı keçirdiyi “Gözəllik və həqiqət şairi”, “Dərbənddə yaşayan şairə-müğənni Zeynəb Dərbəndli ilə görüş” və başqa tədbirlərdən danışdı, həmin tədbirlərdə istifadə olunan materialların (şeirlərin, çıxışların, foto-şəkillərin) toplandığı qovluqları göstərdi. Kompyuterin ekranında tədbirlərdən hazırlanmış slaydları, milli adət-ənənələrdən bəhs olunan kiçik səhnələrin videoçəkilişlərini nümayiş etdirdi. (İlahi, insanda doğma dilə, həmyerlilərə qarşı sevgi, məhəbbət nə qədər olarmış...).
Samaya xanım həm də onu qeyd etdi ki, bu tədbirləri onunla paralel doğma ana dillərini tədris edən ləzgilər, tabasaranlar və başqa xalqların nümayəndələri də keçirirlər.

Bu arada gözüm pəncərənin önündə, çöl tərəfdən asılmış Rusiya Federasiyasının dalğalanan əzəmətli bayrağına sataşdı, nədənsə bu bayraq da mənə doğma gəldi. Başqa cür ola bilməzdi. Mənim millətimin nümayəndələrinə sərbəst yaşamaq, milli kimliyini, bütün adət və ənənələrini qoruyub saxlamaq, tədbirlərini ən yüksək səviyyədə həyata keçirməyə imkan verən bir bayraq niyə ögey olmalıdı ki... Həm də Rusiya bayrağı altında Dərbənddə yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının isti münasibətini, qayğı və qarşılıqlı vəhdətini daima uca tuturlar.

Sonra internat məktəbin rəhbər və müəllim heyətinin təşkil etdiyi banketə qatıldıq. Məktəbin direktoru giriş sözü ilə kollektivi təbrik edəndən sonra söz tədbirə qonaq qismində qatıldığımızdan mənə verildi. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrikimi söylədim və AZƏRBAYCANLILARLA belə sıx təmasda, dostluq və həmrəylik münasibətində yaşadıqlarına, əmək cəbhəsində çalışdıqlarına görə təşəkkürümü bildirdim.

Ordan ayrılan kimi Mərkəzi meydana yollandıq. Meydanda bayram münasibətilə konsert artıq başlamışdı. Bir saata yaxın konsertdə olduq, ləzgi, tabasaran, kumık, avar, noqay, dargin və başqa xalqların nümayəndələrinin mahnılarını dinlədik, şairə-müğənni Zeynəb Dərbəndlinin ifa etdiyi mahnını konsert iştirakçıları ilə birlikdə böyük coşqu ilə dəstəklədik və... Dərbənddən ayrılıb Bakıya yola düşdük.
Bütün bunları sadalamaqda yalnız bircə məqamı qeyd etmək istəyirəm: Müxtəlif xalqların birgə, qarşılıqlı hörmət şəraitində yaşadığı DƏRBƏNDDƏ ƏSL HƏMRƏYLİK GÖRDÜK.

Böyük hörmət və ehtiramla
Əli BƏY AZƏRİ
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru