"Milli Şura Azərbaycanın dəyərlərinə hörmət etmir" ÖZƏL-RƏY

21 Yanvar 2019 16:05 (UTC+04:00)

“Azərbaycan müxalifətinin yanvarın 19-da mitinq keçirməsinin səbəbini son günlər ermənipərəst mərkəzlərin Azərbaycan ətrafında siyasi şou kampaniyası başlatması ilə əlaqələndirə bilərik. Çünki Mehman Hüseynov məsələsi ətrafında qurulan siyasi kampaniya eyni mərkəzdən komanda almış kimi bütün "5-ci kalon"un nümayəndələrini hərəkətə gətirdi. Lakin qısa müddət ərzində bu kampaniyanın əsassız olduğu isbatlandı. Yəni M.Hüseynov məsələsi ilə bağlı məlum oldu ki, burada hüquqa zidd heç bir hadisə baş verməyib”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, avropalı diplomatlar təcridxanaya getdilər və bəlli oldu ki, doğrudan da heç bir qanun pozuntusu yoxdur: “Buna rəğmən Azərbayana qarşı təşkil olunmuş bu kampaniya səngimir. Çünki anti-Azərbaycan mərkəzlər bu tapşırıqlarını davam etdirirlər. Düşünürəm ki, yanvarın 19-da təşkil olunan mitinq də bu kampaniyanın tərkib hissəsi idi. Mitinq cəmiyyətin siyasi sifarişi olmadığı üçün də 10-a yaxın, siyasi partiyanın birgə təşkil etməsinə baxmayaraq yenə uğursuz oldu. İctimai fəal fərdlər belə aksiyanı dəstəkləmədilər çünki bu addım süni şəkildə gündəmi dəyişməyə hesablanmış bir addım idi. Azərbaycan ictimaiyyətinin sosial sifarişi və tələblərindən irəli gələn mitinq deyildi”.

H.Babaoğlu bildirib ki, mitinq uğursuzluğunu ört-basdır etmək üçün Milli Şura adlandırılan qurumun üzvləri Azərbaycan xalqı üçün çox dəyərli bir gün olan 20 Yanvar şəhidlərinin anım günündə, Azərbaycan xalqının and yeri və müqəddəs şəhidlərimizin uyuduğu məkanda yeni bir siyasi təxribata əl atdılar: “Bu onu göstərir ki, özünü Milli Şura adlandıran bu qurum ilk növbədə Azərbaycanın dəyərlərinə hörmət etmir. İkincisi, siyasi əxlaq baxımından kasaddırlar. Üçüncüsü, Azərbaycanın ən müqəddəs dəyərlərini də siyasi spekuliyasiya predimetinə çevirməyə hazırdılar. Çünki onlara tapşırıq bu şəkildə gəlib. Azərbaycanda mənəvi deqradasiya aparmağa çalışırlar. Azərbaycanda siyasi şantaj və istismarla məşğul olmaq istəyirlər.

Bunun müqabilində isə anti-Azərbaycançı mərkəzlərdən pul almaq niyyəti güdürlər. Milli Şura üzvlərinin fəaliyyəti əslində bundan ibarətdir. Ona görə düşünürəm ki, müasir texniki vasitələrə sosial şəbəkələrdə canlı yayımlar etməklə, bu məsələni sosial mediada şişirtməklə əslində anti-Azərbaycançı mərkəzlərə onların sifarişlərini yerinə yetirilmələri ilə bağlı hesabatlar verirdilər. Azərbaycan ictimaiyyəti isə bu halı çox mənfi qarşıladı. Azərbaycan xalqı heç zaman imkan verməyib ki, hansısa məkirli qüvvələr onun ictimai rəyi ilə manipuliyasiya etsin. Hesab edirəm ki, 19 yanvar mitinqi və bunun davamı olaraq 20 Yanvarda təşkil olunan süni ajiotaj bir daha Milli Şura adlandırılan qurumun özünü ifşası ilə nəticələnmiş oldu".