Qusarda 20 Yanvar faciəsi anılıb

17 Yanvar 2019 16:23 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı tərəfindən Qusar rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. İlk olaraq, tədbir iştirakçıları 20 Yanvar faciəsinin qurbanlarının, eləcə də, bütün qəhrəman vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək, bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə məlumat verərək, bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar. O, diqqətə çatdırıb ki, 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb: "Hələ Sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi, bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir".

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, Balaqusar kənd tam orta məktəbin müəllimi Ceyhun Ağabəyov çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun Bakıda və Azərbaycanın digər bölgələrində törətdiyi qırğınlardan danışıblar.

Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik şerləri səslənib və 20 Yanvar faciəsindən bəhs edən video-təqdimat nümayiş etdirilib.

Nəzakət ƏLƏDDİNQIZI