Aparıcı telekanalların II Avropa oyunlarına marağı artır

15 Yanvar 2019 16:01 (UTC+04:00)

2019-cu ildə keçiriləcək II Avropa Oyunlarına Avropanın və digər qitələrin ölkələrində telekanalların marağı daim artır. Yanvarın əvvəli üçün olan məlumata görə, iri mediaholdinqləri təmsil edən 50-dən çox telekanal qarşıdakı multiidman forumunun yarışlarını translyasiya etmək hüququ əldə edib.

Məlum olduğu kimi, qarşıdakı oyunların yayım şirkəti kimi İspaniyanın “International Sport Broadcasting” (ISB) şirkəti seçilib. “2019-cu il II Avropa oyunlarının müdiriyyəti” Fondu ISB şirkəti ilə müvafiq kontrakt imzalayıb.

SİA II Avropa Oyunlarının rəsmi saytına istinadla xəbər verir ki, ISB şirkəti Bakıda keçirilmiş I Avropa Oyunlarını, Olimpiya Oyunlarını, dünya və Avropa çempionatlarını, digər iri idman tədbirlərini translyasiya etmək təcrübəsinə malikdir.

Tanınmış şirkətlər II Avropa oyunlarının translyasiya etmək hüququnu almaqda fəallıq göstərir. Belə şirkətlərin bir qismi yarışları təkcə öz ölkələrində göstərməklə kifayətlənməyəcək. Məsələn, Fransanın “L’Equipe” şirkəti qitənin ən iri idman tədbirini Fransada (o cümlədən onun xaricdəki ərazilərində), habelə Monako və Andorrada, Almaniyanın “Sport 1” telekanalı yarışları Almaniya ilə yanaşı Avstriyada da idman həvəskarlarına təklif edəcək. “Sport 1” şirkəti yarışların İsveçrə ərazisinə translyasiya edilməsinə Avropa Olimpiya Komitələri (AOK) tərəfindən razılıq verməsini gözləyir. Çinin Mərkəzi Televiziyası (CCTV) Minskdəki idman arenalarında yaranmış vəziyyəti əhalisi ən sıx olan ölkədə, “Claro Sports” şirkəti Latın Amerikası dövlətlərində və ABŞ-ın ispandilli televiziya auditoriyasında göstərəcək. Rusiya ərazisində yarışları translyasiya etmək hüququ Birinci kanala verilib. Birinci kanal həm də “Yandeks” MMC-yə və “Milli idman telekanalı” (Matç-TV) MMC-yə sublisenziya vermək hüququna malikdir.

“2019-cu il II Avropa oyunlarının müdiriyyəti” Fondunun marketinq, kommersiya məsələləri və reklam idarəsinin rəisi Maksim Koşkalda vurğulayıb: “Müdiriyyət öz qarşısına çox ambisiyalı bir məsələ qoyub – Oyunları dünyanın 160-dan çox ölkəsində göstərmək üçün müvafiq siqnal yayılmalıdır. Təcrübə göstərir ki, bu, tamamilə mümkündür, lakin bizim müəyyən səy göstərməyimiz tələb olunur. Biz Belarus və II Avropa Oyunları haqqında maksimal sayda ölkədə danışmaq və göstərmək üçün nəzərdən tutulan ərazini əhatə edə biləcəyimizə əminik. Bu gün biz 92 ərazini əhatə edirik. Bu, planlaşdırılan həcmin 57,5 faizi deməkdir. Çin, Yeni Zelandiya, ABŞ, bütün Cənubi Amerika və təbii ki, bütün Avropa kimi əsas bazarları bağlayırıq. Qalan istiqamətlər barədə yaxın vaxtlarda razılaşma əldə ediləcək. Translyasiya hüququna malik olan ölkələrin televiziya kanalları ən azı müəyyən sayda saat ərzində yayım aparmağa borcludurlar. Bunun sayəsində dünya həm Oyunlar, həm də Belarus barədə, bizim milli autentikliyimiz barədə məlumat alacaq.

II Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Avropa qitəsinin idmançıları arasında bu beynəlxalq kompleks idman yarışları dörd ildə bir dəfə Avropa Olimpiya Komitələrinin rəhbərliyi altında keçirilir.

II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə yarışlar keçiriləcək. 9 idman növü üzrə yarışlar 2020-ci ildə Tokioda (Yaponiya) keçiriləcək Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Minskdə multiidman forumunda badminton, boks, baydarka və kanoedə avarçəkmə və cüdo yarışları Avropa çempionatları statusuna malik olacaq. Yarışlar 12 idman obyektində, o cümlədən “Dinamo” milli olimpiya stadionu, “Minsk-arena”, “Çijovka-arena”, İdman sarayı kimi ən iri obyektlərdə keçiriləcək. Dünyanın 50 ölkəsini təmsil edən 4 mindən çox idmançı 199 mükafat dəsti uğrunda mübarizə aparacaq.