Yeni şeirlər

12 Yanvar 2019 15:43 (UTC+04:00)

Nəriman Həsənzadə, Xalq şairi

Əziz dostum Qasım Abdullayevin 60 illiyinə

Böyüklər deyib ki, insan böyükdü,
ürəkdən güləndə, o böyük olur.
Ürəksiz ağlamaq ürəyə yükdü,
ürəksiz güldünmü?-
o da yük olur.

Dünyanın yaşamaq meyarı yoxdu,
nə qədər yozsan da, yuxun çin olmur.
Ürəksiz and içsən, axırı yoxdu,
söz sənin olsa da,
and sənin olmur.

Bir çaydan ayrılıb neçə qol gəlir,
ayırır o bəzən bizi də bizdən.
Homerin vaxtından, hələ yol gəlir,
işığa çıxınca,
söz içimizdən.

Yanımdan keçəndə yel kimi əsmə,
görmüşəm həyatın möcüzəsini.
Kimə ki, dost dedin,
çalış tələsmə,
dedinsə, dostda da axtar özünü.

Açdı, varaqladı insan insanı,
oxumaq istədi əlində qələm.
Yuxuya bənzətdi kimsə dünyanı,
doyunca yatdımı?-
deyə bilmərəm.

Bəs niyə ürəkdən-ürəyə yol var,
sirlər yuvasıdı hər sinə, Qasım.
Yəqin elə söz var, elə sual var,-
nə mənə bəllidi,
nə sənə Qasım.

Sökün, yer üzündən bərəni-bəndi,
həyatın qəmini bir an unudun.
Ey dost!-
oxuduğum ürək himnini,
sənin ürəyinlə gəl, qoşa tutum.

ŞAİRİM

1983-84-cü illər idi. Qələm dostum Məhərrəm Qasımlı ( şair Orxan Paşa) Yazıçılar İttifaqındakı tədbirdə söz alıb kürsüyə qalxdı. Üzünü mənə tutub (yəqin orada yaxından tanıdığı məniydim) həyəcanla, təkidlə, o vaxtkı gəncliyin ürək yanğısı ilə dedi:

Sazı sizə tapşırıram,
Allah rizası, şairim.
Saz da, millət də sizindi,
qoruyun sazı, şairim.

Yığvalımız, baxtımızdı,
bizim elə vaxtımızdı,
şahanə bir taxtımızdı,
sazın taxtası, şairim!

Sazı çox yerdə görmüşəm,
xeyirdə, şərdə görmüşəm.
gəlib şəhərdə görmüşəm,
tutulub yası, şairim!

Hər yetən sazı daşdıyır,
Kürü, Arazı, daşdıyır,
bu qara sazdan başdıyır,
Tanrı duası şairim!

Sazın abır-həyası var,
sazın xeyir-duası var,
“Ruhanisi”si, “Layla”sı var,
xalqdı anası şairim!

Çörəyi-duzu yada sal,
bizim Tovuzu yada sal,
qədim Oğuzu yada sal,
Qorqud dühası... şairim!

Qazax, Borçalı hardadı?
Ələsgər, Alı hardadı?
“Cəngi”, “Vağzalı” hardadı?
“Kərəm yanğısı”... şairim!

Bu hava, tük havasıdı,
dərmanıdı, davasıdı,
yüz xəstənin şəfasıdı
bir saz havası şairim!

Oxu, şadlan, - deyən sazdı,
Təbriz can! - deyən sazdı,
Azərbaycan, - deyən sazdı,
budur vəfası, şairim!

AXTARIRAM

Bilirsənmi, səni harda axtarıram,-
çəmən görsəm, çiçəklərin arasında.
Narın-narın ələnirsən göydən yerə,
dumanların, çiçəklərin arasında.
Yer üzündə müsabiqə keçirsələr,
sən də təksən, o təklərin arasında.
Cibimdəki teletonda canım qalıb,
səssiz gələn, o zənglərin arasında.
Tapdım səni, gör hardasan, sənə qurban,
mən yazdığım,
şeirilərin arasında.

SƏNDƏN QABAQ,
MƏNDƏN QABAQ

Əsli sevib, Kərəm sevib,
o göz yaşı, bu qəm sevib.
Tarix boyu aləm sevib,
səndən qabaq, məndən qabaq.

Dan sökülür, yer ayılır,
qaranlıqlar işıqlanır.
Dan ulduzu göydə yanır,
Aydan qabaq, Gündən qabaq.

Niyə sevənlər ağlayır?
Baxtı yolunu bağlayır.
Din bu eşqi günah sayır,
Tanrı da var, dindən qabaq.

YAŞ GETDİ ŞAİR

Bunca telefonda söhbət olarmı?
bunca adamlarla ülfət olarmı?
bunca görüşlərə dəvət olarmı?
daha ömür bitdi, yaş getdi, şair.

Mənə deyiblər ki, yumşaq üzüm var,
odur ki, nə gecəm, nə gündüzüm var,
özümdən-özümə umu-küsüm var,
deyirdim, yaz gəlsin, qış getdi, şair.

Yaş üstə yaş gəldi, bayram elədin,
gah ziyafət qurdun, gah şam elədin.
Hər günü beləcə axşam elədin,
ömür dolu gəldi, boş getdi, şair.