Şuşa Teatrının başa vurduğu ötən il - HESABAT

12 Yanvar 2019 13:51 (UTC+04:00)

Ötən il Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti üçün məhsuldar, uğurlu və əlamətdar hadisələrlə yadda qalıb. SİA-nın məlumatına görə, ötən il Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq “Savalan” kinoteatrı təmir olunaraq Şuşa Dövlət Musiqili Dram Teatrının ixtiyarına verilib. Binanın açılış mərasiminin keçirildiyi günün ölkə başçısının doğum gününə təsadüf etməsi isə xüsusi əhəmiyyət kəsb edib.

Teatrın binasının mövcud hissəsi 2 mərtəbəli, yeni inşa edilmiş hissəsi isə 4 mərtəbəlidir. Burada vestibül, inzibati otaqlar, qrim otaqları, eləcə də texniki və xidməti otaqlar, həmçinin 110 nəfərlik tamaşaçı zalı yaradılıb. İkinci mərtəbədə professional səs, işıq və kinoproyeksiya otaqları yerləşdirilib. Səhnə yenidən qurulub və müasir mexaniki avadanlıqlar quraşdırılıb. Videomüşahidə, yanğından xəbərvermə, yanğınsöndürmə sistemləri yaradılıb və ərazidə 200 kubmetr tutumu olan yanğın və içməli su anbarı tikilib. Bina, həmçinin yeni telekommunikasiya sistemləri ilə təmin edilib. Binanın ətrafında 900 kvadratmetr ərazi abadlaşdırılıb, ağac və gül kolları əkilib. Bütün bunlar Şuşa teatrının yaradıcılığına verilən ən böyük dəyər olmaqla yanaşı, kollektivin qarşısında qoyulan yeni vəzifələr və böyük məsuliyyətdir.

2018–ci ildə teatrın repertuarına Altay Məmmədovun “Dəli Domrul”, Xorvat dramaturqu Miro Qavranın “Aktyor əbədiyyətə qovuşanda”, Enurə Abdullayevanın “Əsgər papağı” tamaşaları, Abdulla Şaiqin “Danışan kukla” və “Tıq–tıq xanım” pyesləri əsasında “Danışan gəlincik”, İsgəndər Coşqunun “Çal–oyna” nağıl–tamaşaları hazırlanaraq daxil edilib.

Ötən ildə teatrın yaradıcı heyəti “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Danışan gəlincik”, “Çal–oyna”, “Solğun çiçəklər”, “Əsgər papağı” tamaşaları, “Yanvarın iyirminci günü” adlı musiqili ədəbi–bədii kompozisiya, “Nəğmədir, gülüşdür, hər dərdə məlhəm” və “Azərbaycan – yurdum mənim” adlı konsert proqramları ilə bir sıra ali və orta məktəblərdə, məktəbəqədər tərbiyə müəssisələrində, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Beynəlxalq Muğam Mərkəzində, “Azərsun Holdinq” Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində, hərbi hissələrdə çıxış etməklə yanaşı, Pirallahı qəsəbəsində, İmişli, Biləsuvar, Tərtər, Şabran, Şəmkir və Gədəbəy rayonlarında qastrol səfərlərində olub.

Bundan əlavə, teatrın yaradıcı heyəti Novruz bayramı, Milli Musiqi Günü, Beynəlxalq Qadınlar Günü, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Qarabağda bir gün” tədbirlərində, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28–ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində “Yanvarın iyirminci günü” adlı ədəbi–bədii kompozisiya, Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26–cı ildönümü ilə əlaqədar keçirilən anım mərasimində Enurə Abdullayevanın “Əsgər papağı” tamaşası, Azərbaycan Silahlı Qüvvələri və Polisinin 100 illiyi münasibətilə keçirilən tədbirdə “Azərbaycan – Yurdum mənim” adlı konsert proqramı ilə uğurla çıxış edib.

Prezident İlham Əliyevin Sərəncamı ilə Şükufə Musayeva Xalq artisti, Teymur Məmmədov isə Əməkdar artist adına layiq görülüb və bu da dövlətimizin, ölkə başçısının Şuşaya və onun mədəniyyətinə olan böyük diqqətinin bariz nümunəsidir. Azərbaycan peşəkar milli teatrının yaranmasının 145 illiyi və Azərbaycan Teatr Xadimləri İttifaqının yaranmasının 120 illiyi münasibətilə dram artisti Mətanət Eres Mədəniyyət Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı, teatrın direktoru, Əməkdar artist Yadigar Muradovun anadan olmasının 60 illik yubileyi ilə əlaqədar “Tərəqqi” medalı və Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə təltif edilməsi təkcə bu iki nəfərin deyil, ümumilikdə, bütün kollektivin əməyinə verilən ən yüksək qiymət hesab oluna bilər.

Hazırda teatrda bir nəfər Xalq artisti, beş nəfər Əməkdar artist, bir nəfər Əməkdar mədəniyyət işçisi, iki nəfər Prezident mükafatçısı fəaliyyət göstərir. İki nəfər “Tərəqqi” medalı, altı nəfər isə Mədəniyyət Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.

Ötən il ərzində 100 tamaşa oynanılıb, 10 min tamaşaçıya mədəni xidmət göstərilib.