“Abşeron” da sağlamlığına qovuşanlar

12 Yanvar 2019 14:45 (UTC+04:00)

Habil İsgəndərov: “Az-az və tez-tez yemək lazımdır ki, mədə-bağırsaq problemi olmasın”

“Abşeron” Mədə-Bağırsaq Sanatoriyasında müalicəyə gedəndə, orada müalicə olunan dostlar, tanışlar demişdilər ki, çalışın sizi Habil həkim müalicə eləsin. Çünki o, öz işinin peşəkar mütəxəssisisdir. Xəstələri də diqqətlə dinləyib, onlara düzgün diaqnoz qoyur. Ona görə də “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasına müalicəyə gələnlərin demək olar ki, hamısı çalışır Habil həkimlə söhbət etsin və onun məsləhətlərini alsınlar. Mən də baş həkim Fəxrəddin Kazımovdan xahiş etdim ki, bizim müalicə həkimimiz məhz Habil İsgəndərovu təyin etsin.

Habil həkimin qəbulunda xəstə çox olduğuna görə bir qədər gözləyəsi oldum və onu kənardan müşahidə etdim. O, uca boylu, nurani sifətli, üzündən xeyirxahlıq yağan, gülərüz bir insandır. Çox təmkinlə, məntiqlə danışır və səbrlə, diqqətlə xəstələri dinləyir. Əvvllər hansı xəstlikləri keçirdiklərini öyrənir. Onun yanına hər xasiyyətdə, yaşlı, cavan xəstələr gəlmişdilər. O, öz fikirlərini çox adi bir formada, məntiqlə xəstələrə başa salır və çalışırdı ki, hər xəstənin dəqiq xarakterini öyrənsin və ona elə öz “açarı” ilə təsir etməyi bacarsın. Həm də xəstələr ona inansın və onun yazdığı müalicələri etsinlər ki, sağalsınlar. Bir neçə gündən sonra və keçdikləri müalicələrlə onlar şəfa tapacaqlarına tam inansınlar.

Mən də onunla həmsöhbət oldum. Tibbi maarifləndirmə ilə Habil həkim mənə də çox maraqlı məsləhətlər verdi və məni də tam inandırdı ki, “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasında müalicə olunmağımın mənim sağlamlığıma çox böyük köməkliyi olacaq. Çünki bütün xəstəliklərin əsası mədə-bağırsaqla başlayır. O, təkcə mədə-bağırsaqla bağlı yox, həm də bütün xəstəliklərin yaranma səbəbələri və müalicə üsulları haqqında mənə çox gözəl məsləhətlər verdi. Sevindim ki, həkimlərin çoxundan biz narazı olduğumuz bir zamanda bizim məmməkətimizdə belə yüksək savadlı təbiblər də var. Tibb sahəsindən az-çox məlumatım olduğuna görə o, danışdıqca görürdüm ki, Habil həkim təkcə qastentroloq kimi yaxşı həkim deyil, həm də tibb elminin bütün sahələrini mükəmməl bilən gözəl təbibdir. Tibb elmi üzrə çox yaxşı mütəxəssisdir. Ona görə də çoxminli oxucularımızı Habil həkimlə daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Habil Salah oğlu İsgtəndərov 1952-ci ildə İmişli rayonunda anadan olub. Orta təhsilini də bu rayonda alıb və məktəbi fərqlənmə ilə bitirib. Sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna ( indiki Tibb Universiteti) verib və yüksək balla bu ali məktəbə qəbul olub. O, 1975-ci ildə ali məktəbi də yaxşı qiymətlərlə bitirib. Kursun əlaçılarından biri olub. Habil həkim ali təhsilli mütəxəssis kimi əmək fəaliyyətinə Naftalan Sanatoriyasında başlayıb. O, sanatoriyada işləyəndə görüb ki, cavan mütəxəssis kimi burada işləməklə yaxşı təbib kimi yetişə bilməyəcək. Ona görə də Naftalan şəhər xəstəxanasına keçib və orada həkim işləyib. Onun təşkilatçı, bilikli həkim olduğunu görüb, Naftalan şəhər İcra Hakimiyyətinə tibb üzrə inspektor təyin ediblər. O, hər iki işi paralel görüb. Habil İsgəndərov 9 il bu vəzifələrdə işləyəndən sonra Bakı şəhərinə köçüb. Pirallahı

qəsəbəsində ( keçmiş Artyom) dəri-zöhrəvi həkimi işləyib. İki il burada işləyəndən sonra Buzovna qəsəbəsindəki xəstəxanadan dəri-zöhrəvi həkim kimi öz işini davam etdirib. Dəri-zöhrəvi sahəsini tam mənimsəyəndən sonra “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasına işləməyə gəlib. Çox yaxşı mütəxəssis olduğuna görə 1992-ci ildən bu sanatoriyanın şöbə müdiri vəzifəsinə irəli çəkilib. Artıq 16 ildir ki, bu vəzifədə böyük uğurla işləyir və xəstələrin sevimlisi olub. Bu sanatoriyanın ən böyük korpusu olan 4-cü korpusa rəhbərlik edir. İndi onun yanına təkcə sanatoriyada müalicə olunanlar yox, hətta əvvəllər müalicə olunanlar da gəlib ondan məsləhətlər alırlar.

- Habil həkim, mədə-bağırsaq xəstəliyi axır vaxtlar daha çox yayılmış xəstəlikdir. Bunun yaranma səbəbi nədəndir? Bu xəstəlik yarananda xəstə ilk öncə hansı həkimə müraciət etməlidir?

- Həqiqətən də mədə-bağırsaq xəstəlikləri axır vaxtlar çox yayıldığına görə bu sualları yerində verdiniz. Bu xəstəliklərin yaranma səbəbələri çoxdur. Mən deyə bilərəm ki, burada əsas səbəb qidalanma rejiminə düzgün əməl olunmamasıdır. Həm də qidaların keyfiyyətinin yaxşı olmamasıdır. Bildiyimiz kimi axır vaxtlar çoxlu süni, geni dəyişdirilmiş qidalar yaranıb. Keyfiyyətsiz meyvələr çoxalıb. Bunlar da insan orqanizminə pis təsir edir. Bax mədə-bağırsaq xəstəliklərini yaradan əsas faktorlardan biri bunlardır. İndi son vaxtlar Palma yağından danışırlar. Biz yediyimiz yağların çoxunun tərkibində Palma yağı var. Bax bu da mədə-bağırsaq xəstəliklərini yaradır. Mədə-bağırsaq xəstəliyini yaradan faktorlardan ən əsaslarından biri də əsəb xəstəlikləridir. Dəri xəstəliklərinin də 90 faizi mədə-bağırsaq xəstəliklərindən yaranır. Əsəb xəstəlikləri də XX və XXI əsrin ən böyük bəlallarından biridir. Dünyadan baş verən müharibələr, Qarabağ müharibəsi, işsizlik, güzəranın ağır olması, əmək haqqının az olması, ailədaxili münaqişələr də əsəb xəstəliyini yaradan əsas faktorlardur. Endokrin xəstəliklər də mədə-bağırsaq xəstəliyini yaradan faktorlardan biridir. Bu xəstəlik də axır vaxtlar kəskin dərəcədə çox artıb. Planetimizdə radioaktivliyin artması da, suların çirklənməsi də mədə-bağırsaq xəstəliklərini çox artırır. Sinir pozğunluğu da bu xəstəliklərin artmasına səbəb olur. Deməli, mədə-bağrsaq xəstəlikləri bütün yuxarıda sadaladığım faktorlardan, xəstəliklərdən yaranır və özü ilə çoxlu xəstəliklərin yaranmasına da səbəb olur.

- Bəs bu xəstəlikləri sağaltmaq və ümimiyyətlə bu xəstəliklərə tutulmamaq üçün insanlar ilk öncə necə özlərinin həkimi ola bilərlər?

- İlk əvvəl insanlar özlərinin qidanalmasına çox ciddi fikir verməlidirlər. Buna görə də düzgün qidalanmaya çox ciddi riayət olunmalıdır. Birdən-birə çox yemək olmaz. Az-az yemək və tez-tez yemək lazımdır ki, mədə-bağırsaq problemləri olmasın. İnsanlar bilməlidirlər ki, reflük xəstəlikləri də çox yeməyin nəticəsində olur. Reflük xəstəliyi o deməkdir ki, yemək borusi ilə mədənin arasında klapan olur. İnsan çox yeyəndə həmin klapan açıq qalır. Mədə turşuluğu qalxır və yemək borusunun selikli qışasını yandırır. Çünki selikli qışa mədə turşuluğuna dözə bilmir. Bununla da reflük xəstəliyi yaranır. Reflük xəstəliyi də çox çətin müalicə olunan xəstəlikdir. Mən bir həkim kimi məsləhət bilirəm ki, insanlarımız yerli qidalardan daha çox istifadə etsinlər. Fanta, koko-kola, qazlı sulardan, spirtli içkilərdən, siqaretdən və hökmən bu kimi insan orqanizminə zərərli şeylərdən uzaq olmaq lazımdırlar. Soyuducudan çıxan yeməkləri soyuq formada yemək olmaz. Qaynar, çox isti yeməklər yemək, isti çay içmək qəti olmaz. Çünki bunlar mədə-bağırsaq xəstəliyinin yaranmasına birbaşa səbəb olurlar. Bu xəstəliyə tutulanlar və bu xəstəlikdən şikayəti olanlar da hər həkimə yox, yalnız qastentroloq və endikrinoloq həkimlərinə müraciət etməlidirlər. Yaxşı olar ki, bu xəstələr stasionar müalicədən əvvəl Mədə-Bağırsaq Sanatoriyasında müalicə olunsunlar. Ya da bu sahədə ağır xəstəliklər keçirənlər stasionardan sonra hökmən Mədə-Bağırsaq Sanatoriyasında müalicəsini davam etdirsinlər. Onda bu xəstəliyin effekti daha yaxşı olur. Əfsus ki, insanlarımızın çoxu bu xəstəliyə adi bir xəstəlik kimi baxırlar. Lazımsız və bilmədikləri türkə-çarə ilə müalicə olunmağa çalışırlar. Tibb sahəsindən xəbəri olmayanlara qulaq asıb, onların dediyi müalicələri edirlər. Amma onlar bilmirlər ki, mədə-bağırsaq xəstəliyi insan orqanizminə çox böyük fəsadlar verə bilər. Bu fəsadlar da ölümlə nəticələnər. Ona görə də bu xəstəliyi olan insanlar yalnız həkim məsləhətinə qulaq asıb və onların dedyi müalicələri etməlidirlər.

- Azərbaycanda sizin sanatoriyadan başqa mədə-bağırsaq sanatoriyası varmı?

- Əvvəllər Şuşada və Kəlbəcərdə mədə-bağırsaq sanatoriyaları vardı. Kəlbəcərdəki sanatoriya daha effektli idi. Əfsus ki, indi həm Şuşa və həm də Kəlbəcər işğal altındadır. Əvvəllər biz də Kəlbəcər isti suyundan istifadə edirdik. İndi isə bizə Naxçıvandandan sirabın qazsız şəkildə olanını gətirirlər. Biz də ondan istifadə edirik. Həm də artıq sübut olunub ki, qazlı sular mədə-bağırsaqçün zərərlidir. Bizdə bağırsağın yuyulması, mikroimalələr, ödün yuyulması çox böyük effektlər verir. Bundan əlavə Masazır palçığı da, parafin də mədə-bağırsağa çox köməklik edir. Masazır palçığında çoxlu mikroelementlər var ki, onlar dəri vasitəsilə bədənə sorulur. Həm də onun istilik təsiri var ki, bağırsaqlarda, mədədə olan qan damarlarını genişləndirir və qan yaxşı sirkulyasiya elədikdə ağrılar, soyuqdəymələr bədəndən tez çıxır. Bizə müraciət edən xəstələrdə təkcə mədə-bağırsaq yox, bir neçə xəstəlik olur. Bunlar əsəb, oynaq, osteoxandrozlar, spandiliozlar, bel, boyun yırtıqları və sairə xəstəliklərdir. Bütün bu xəstəlikləri bizim sanatoriyada müalicə eləməkçün çoxlu vasitələr var və biz də həmin vasitələrdən maksimum, səmərələri dərəcədə istifadə edirik.

- Görürük ki, sanatoriyada çoxlu tikililər aparılır. Bu işləri kim görür?

- Hal-hazırda ölkə başçımız cənab İlham Əliyev tərəfindən Azərbaycanda olan sanatoriyalara lazım olan qədər pullar ayrılır ki, orada təmir-tikini işləri görülsün, yeni tibbi avadanlıqlar alınsın. Azərbaycan Kurort Səhmdar Cəmiyyətinin prezidenti, tibb elmləri doktoru cənab Əbil Ağasiyev də tikinti işlərinə çox ciddi fikir verir. Onunla birlikdə vitse-prezident Fərrux İsmayılov, prezidentin müşaviri Elxan Əliyarzadə də Əbil müəllimlə birlikdə tikinti sahəsində çox işlər görürlər. “Abşeron” Mədə-Bağırsaq Sanatoiyası da başqa sanatoriyalara nisbətən tikinti ilə daha çox məşğul olur. Çünki bizim sanatoriyanın 16 hektar ərazisi var. Avropa standartlarına cavab verən yeni korpuslar tikilir. Yollar abadlaşır. Bütün bu abadlıq da xəstənin müalicə ilə birlikdə onun əhvalına da yaxşı təsir edir. Kurort Səhmdar

Cəmiyyəti də bizim sanatoriyaya köçəcək. Burada onlar üçün çox yaraşıqlı bina tikilib.

- Elə ağır xəstələr olubmu ki, siz onları sağaltmısınız və bu gün də xatırlayırsınız? Onlar haqında nə deyə bilərsiniz?

- Əlbttə, elə insanlar çox olub. Mənim işimin cavabdehliyi ondadır ki, sanatoriya sistemində işləyirəm və bura Azərbaycanın hər yerindən və eləcə də MDB məkanından olan ölkələrdən xəstələr gəlir. Onları müalicə edirəm. Azərbaycanın elə bir rayonu, bölgəsi yoxdur ki, bura müalicəyə gəlməsin və sağalmasın. Ona görə də bütün bölgələrdə bizim yaxın dostumuz olan və burada müalicə olunan xəstələr var. Azərbaycanın rayonlarına gedəndə və eləsə də Bakıda bir də görürəm ki, mənə yaxınlaşıb salam verirlər. Onları sağaltdığımıza görə təşəkkürlərini bildirirlər. Bizimlə ən əziz, doğma adamları kimi danışırlar. Məcbur edirlər ki, onlara qonaq gedək. Mənə elə gəlir ki, həkim üçün bundan əziz, xoş əhval-ruhiyyə, mükafat yoxdur. Elə xəstələrimiz var ki, profilaktika üçün hər il gəlib burada müalicə alırlar. Bu illərdə də biz onlarla ən yaxın dost, qardaş-bacı olmuşuq. Mən mübaliğəsiz deyə bilərəm ki, bizim elə xəstələrimiz var onlar Yesentukidə müalicə olunmaqdan bizim sanatoriyanı daha üstün tuturlar.

- Deyirsiniz ki, burada müalicə Yesentuki Mədə-Bağırsaq Sanatoriyasından üstündür?

- Mən həm Yesentukidə və həm də burada müalicə olunan çoxlu xəstələrlə söhbət etmişəm. Doğrudur, Yesentukidə şərait bizim sanatoriyadan yaxşıdır. Orada olan müalicə aparatları da bizim sanatoriyadakından daha müasirdir. Amma bizim sanatoriyada həkimlər, tibb bacıları daha yaxşı mütəxəssislər olduqlarına görə və bizim sanatoriya Xəzər dənizinin sahilində yerləşdiyinə, buranın havası çox təmiz olduğu üçün həmin xəstələr bura ilə Yesentuki Mədə-Bağırsaq Sanatoriyası arasında heç bir fərq görmürlər. Həm də axı Yesentukiyə getmək də insanlarımızın çoxunun maadi imkanı xaricindədir. Axı ora getməkçün çox böyük xərc çəkmək lazımdır. Əgər bizim sanatoriya ilə Yesentuki sanatoriyası arasında mülicənin effekti demək olar ki, eynidirsə deməli, burada müalicə olunmaq daha yaxşıdır.

- Artıq 2019-cu il başlayıb. Bu yeni ildə xalqımıza bir həkim kimi hansı istıkləriniz, məsləhətləriniz var?

- Xalqımıza ən böyük arzum budur ki, 2019-cu ildə onlar xəstələnməsinlər. Həmişə onlar sağlam olsunlar. Həkimlərlə yalnız dost kimi görüşsünlər. Ən əsası isə yaralı yerimiz olan Qarabağı rəşadətli ordumuzun və Ali Baş komandanımızın köməkliyi ilə tezliklə azad edək və qaçqınlarımız, köçkünlərimiz öz döğma yurdlarına qayıtsınlar. Biz də gedib Şuşada və Kəlbəcərdəki mədə-bağırsaq sanatoriyalarımızı bərpa edək. Prezidentimiz, Vitse- prezidentimiz başda olmaqla xalqımıza can sağlığı, firavanlıq arzu edirəm. Xalqımızın güzəranı yaxşı olsa streslər də azalar və mədə-bağırsaq da qaydasına düşər. Çünki insanların əsəbləri yerində olsa, rufah halı düzəlsə, onda xəstəliklər də demək olar ki, çox azalar. Dünyada insanın ən böyük var-dövləti onun can sağlığıdır. Canı sağlam olanın, düşüncəsi də sağlam olar.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadim