Təmənnasız yaxşılıqlar əvəzsiz qalmır

12 Yanvar 2019 13:37 (UTC+04:00)

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində xalq şairi Nəriman Həsənzadənin ustadı Mir Cəlal Paşayevə həsr etdiyi “Xəlvətdə yanan şam” dramatik poeması Mişov Kültür Dərnəyi tərəfindən kitab şəklində nəşr olunmuşdur. Yazıçı-publisist, Əməkdar Mədəniyyət İşçisi Atababa İsmayıloğlu kitaba ön söz yazmışdır. Həmin ön sözdə Xalq şairinin və əsrin təsviri yüksək təqdimatla əksini tapmışdır:

Sədaqət, vəfa, etibar ədəbiyyatda müntəzəm oxuduğumuz, həyatda mütəmadi işlətdiyimiz sözlərdir. Bir-birinə doğma və yaxın olan, demək olar ki, eyni mənanı verən, mahiyyətcə bir-birini tamamlayan bu kəlmələrə fəlsəfi və estetik aspektdən yanaşdıqda onların insanların ülvi hisslərindən yarandığının, estetikanın ülviyyət kateqoriyasına daxil olduqlarının şahidi olacağıq. Ülviyyət isə nə eşqsiz, nə də sevgi və məhəbbətsiz olur. Yaradana eşq, haqqa eşq, ataya-anaya sədaqət, dosta etibar, sevgiyə vəfa, ustada və müəllimə ehtiram. Bu hisslər insanı qəlbən paklaşdırır, ülviləşdirir, ucaldır. Belə insanlar cəmiyyət və yaxınları tərəfindən sevilir. Xalq şairi Nəriman Həsənzadə kimi.

Əgər biz Nəriman Həsənzadənin yaradıcılığını araşdırsaq, onun yaradıcılığında haqqa, Vətənə sədaqətinin, həyatdan vaxtsız köçmüş həyat yoldaşına tükənməz məhəbbətinin, dostlarına vəfasının, rastlaşdığı və taleyinə düşən xeyirxah insanları unutmadığının şahidi olacağıq. Bu isə şairi ülviləşdirir, bədii və publisist yazılarının, məqalələrinin, çıxışlarının, müsahibələrinin mahiyyətinə rövnəq verir. Onu ülviləşdirən duyğuların, hisslərin içərisində müəllimlərinə, ustadlarına sədaqət də diqqəti çəkir. Xüsusən də həyatında ona arxa olan, böyük yaxşılıqlar etmiş, əl tutmuş, ustadı Mir Cəlal Paşayevi unutmaması.

Mir Cəlal müəllimi xalqımız görkəmli yazıçı və yüksək zəkalı ədəbiyyatşünas alim kimi tanıyır və sevir. Amma Nəriman müəllimin bu böyük sənətkar haqqında hər yazısında, çıxışında biz onun bilmədiyimiz bir çox cəhətlərini görür və böyük sənətkara qarşı sevgimiz daha da artır.

Nəriman Həsənzadənin ustadına həsr etdiyi ən dəyərli əsərlərindən biri də bu yaxınlarda tamamladığı “Xəlvətdə yanan şam” dramatik poemasıdır. Şairin ustadı ilə görüşlərini, təmaslarını əhatə edən, xatirələrini canlandıran bu poema proloq və epiloqdan savayı yeddi səhnədən ibarətdir. Biz əsərdə Mir Cəlal müəllimlə yanaşı onun həyat yoldaşı Püstə xanımın, Mikayıl Müşfiqin, oğlu Arifin obrazlarını görürük. Dramatik poemadakı Qiyam obrazı isə Mir Cəlal müəllimin tələbəsi Nəriman Həsənzadənin prototipidir.

Poemanın əvvəlində əsgər libaslı, şair ürəkli bir gənclə rastlaşırıq. Elə ilk səhnələrdən görünür ki, Qiyamın taleyi həyatın fırtınaları ilə üzləşib. Onu dalğaların cəngindən qoparmağa bir əl, kömək lazımdır. Tale isə onun qarşısına xeyirxah bir insanı - professor Mir Cəlal Paşayevi çıxarmışdır. Gənc şair poeziyada da, həyatda da milli köklərə, ənənələrə bağlıdır. Vaqifdən söhbət düşəndə Qiyam ustadına deyir:

Yüz ildir yol gəlir söz qafiləsi,

nə vəzni köhnəlir, nə qafiyəsi.

Bütün bu cəhətlər gənc şair Qiyamı Mir Cəlalın gözündə ucadır. Onu qorumaq üçün yollar axtarır. Onun şəxsində dostu Mikayıl Müşfiqi görür. O, Mikayıl Müşfiqi ki, poeziyada od-alov idi. Amma haqqa sədaqətinə, haqsızlıqla barışmadığına görə onun həyatına son qoydular. Ömrü də, yaradıcılığı da yarımçıq qaldı, dünyadan nakam köçdü.

Ustadın qəlbində bir inam, bir ümid var. Düşünür ki, Qiyam Müşfiqin yarımçıq ömrünü tamamlaya bilər. Amma təki ilhamını qırmasınlar, ömrü Müşfiq kimi yarımçıq qalmasın.

Poemada təsirli səhnələrdən biri: İş axtaran, amma tapa bilməyən Qiyamın qəlbində millətinə, Vətəninə qarşı bir inciklik yaranır. Ustad gənc şairin bu narazılıqlarını həssaslıqla duyur və ona görə də eyhamla ona “Qiyam, iş axtarma sən adam axtar” – deyir. Və ona arxa olur, aspiranturaya götürür. Mir Cəlalın timsalında Tanrının əli Qiyama uzanır.

Hadisələr inkişaf etdikcə biz Qiyamı Mir Cəlal müəllimin evində görürük. Müəllim öz tələbəsinin artıq coşqun ilhamının, istedadının, çalışqanlığının şahidi olub,Vətəninə və xalqına sədaqətinə əmindir. O, Qiyamı öz övladlarından ayırmır, həyat yoldaşı Püstə xanım da gənc şairə övlad məhəbbəti bəsləyir. Poemada Püstə xanımın, Mir Cəlal müəllimin və Qiyamın mənalı bir səhnəsi var. Mir Cəlal müəllim Qiyama öyüd-nəsihət verir, günlərin bir günündə dünya xalqları birləşəcək, millətlərə, dövlətlərə bir-birinizi söyməyin deyəcək. 37-ci illərin hadisələrinin şahidi olmuş, şairlərin siyasətə cəlb olunmasının faciəli nəticələrini görmüş Püstə xanım Qiyamın gələcəyi üçün narahatçılıq keçirir. Bütün bu narahatçılığı müəllif iki misrada verir.

Püstə xanım:

Mir Cəlal, Qiyamla işin olmasın,

qoy gedib əlində əsəri yazsın

– deyir.

Bu məqamda Nəriman Həsənzadə Mir Cəlal müəllimin dili ilə həqiqi müəllimlərin tələbələrinə aşılamalı olduğu bir məqamı əldən buraxmır:

Qiyamda Qiyamı oyadıram mən,

gənclər oyananda – oyanır vətən.

Sokratın dediyi həmişə buydu,

Sokrat oyaq idi, vaxt yuxuluydu.

Qoy desin, biri səhv, biri düz olur,

Düz olan yerdə də gücümüz olur.

Belə bir məqamda böyük alman pedaqoqu Adolf Disterveqin bir kəlamı yada düşür: “Pis müəllim şagirdinə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir”.

Dramatik poema, nəzmlə yazılmış istənilən dram əsəri o zaman sanballı olur ki, ondakı misralar əsərdəki hadisələri təsvir etməklə yanaşı hər misranın öz məna yükü, çəkisi də olsun. Hüseyn Cavidin, Səməd Vurğunun pyeslərindəki ibrətamiz, aforizmə çevrilmiş sözləri yada salın. Yeri gəlmişkən deyək ki, bu cəhət xalq şairi Nəriman Həsənzadənin “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” pyesləri üçün də xarakterikdir. Poemada “Gənclər oyananda-oyanır Vətən” və yaxud “Düz olan yerdə gücümüz olar” – kimi misralar ayrılıqda bir əsərdir. Oxucuda müəyyən hiss və fikir oyadır.

Ümumiyyətlə, “Xəlvətdə yanan şam” pyesində belə məqamlar çoxdur. Poemada Arifin dili ilə deyilən “Dahi adamların dediyi fikir, insanı hər yaşda özünə çəkir”, yaxud Mir Cəlal müəllimin dediyi “Minnət elədiksə kiçilir insan, balaca görünür o öz boyundan”, ya da “İnsan yalvarırsa ölür o həyat, daha nə şəxsiyyət, nə mənəviyyat”. Görün şair Mir Cəlal müəllimin dili ilə anaları necə ucaldır: “Analar gətirir-yaşatmaq üçün, torpaq da aparır-boşaltmaq üçün”.

Belə misralar oxuduqca həm Nəriman Həsənzadə, həm də onun qəhrəmanları gözümüz qarşısında ucalır.

Müdrikliyin ən başlıca cəhəti odur ki, hadisələri qabaqcadan görəsən, zamanın hay-küyləri, göz qamaşdıran parıltıları, ilğımları içərisində gələcəyin, həqiqətin işartısını görəsən. Nəriman Həsənzadə də öz müəllimini belə təqdim edir. Dramatik poemanın IV səhnəsində biz belə bir hadisənin şahidi oluruq. Qiyam görkəmli dövlət xadimi, dramaturq və yazıçı, xalqının təəssübkeşi Nəriman Nərimanov haqqında əsər yazıb, qəhrəmanını əlində hakimiyyət toplamış, onu susdurmağa çalışan insanlarla mübarizədə təsvir edir. Gənc şair bununla da dövrünün qramafonlarının, biqələmunlarının cənginə keçib. Təklənib. Onu millətçilikdə, milləti “Nərimanlaşmağa” çağırmaqda günahlandırırlar. Əsərə siyasi don geydirib Qiyamı Leninizmə xəyanətdə suçlayırlar. Gənc şair incidilən uşaq atasının yanına qaçdığı kimi ustadına pənah aparır. Ondan doğru və dürüst məsləhət alır:

Gərək deyəydin ki, doktor Nəriman,

siyasi xadimdi, şanlı bir insan.

Ədibdi, üstəlik böyük həkimdi,

Sənə maneçilik eləyən kimdi?!

Poemada Mir Cəlal müəllim Qiyamın gələcək talelyi üçün təkcə onun müraciət etdiyi anlarda narahatçılıq keçirmir, ondan xəbərsiz də tələbəsinin həyatı, məişət şəraiti onu maraqlandırır, onun haqqında düşünür. Belə anlardan biri poemanın ən təsirli səhnələrindən olan Qiyamın mənzillə təmin olunması məqamıdır. Sovet dövründə yazıçılara dövlət tərəfindən növbə ilə mənzillər verilir, eyni zamanda onların öz hesabına güzəştli şərtlərlə koperativ binalar tikilirdi. Qiyam da, ustadı Mir Cəlal müəllim də Yazıçılar Birliyində mənzil növbəsindədirlər. Mir Cəlal müəllimin oğlanları böyüyüb. Ona evini genişləndirmək, şəraitini yaxşılaşdırmaq üçün mənzil verirlər. Amma görür ki, onun oğlu Arifə mənzil verilərsə Qiyama bu bölgüdən pay düşməyəcək, gənc şair sonrakı illərdə mənzillə təmin olunacaq.. Ona görə Qiyamdan xəbərsiz oğlunu kooperativ mənzilə yazdırır, alacağı mənızili isə Qiyama bağışlayır. Bu da ustadı daha da ülviləşdirir, ucaldır.

Əsərdəki maraqlı obrazlardan biri də Qiyamdır. Biz dramatik poemada Qiyamı təkcə gələcəyin böyük şairi kimi görmürük, o eyni zamanda alimdir. Hərtərəfli biliyə, xüsusən qədim yunan fəlsəfəsinə bələddir. Müəllimi ilə dialoqlarında, eləcə də monoloqlarında Qiyamın bir çox cəhətləri açılır. O, Makedoniyalı İsgəndəri sevir. Amma bir istilaçı kimi yox, qüdrətli və humanist bir dövlət başçısı kimi. Nəriman Həsənzadə Qiyamın obrazı vasitəsi ilə İranı məğlub edən İsgəndəri müdrik bir şəxsiyyət kimi verir. İsgəndər Daradan qalmış mücrünün içərisindəki daş-qaşları atır, onun əvəzində mücrüyə Homerin “İliadası”nı və “Odiseya”sını qoyur. İsgəndər kimlərinsə sözünə baxıb şərqə nifrət bəsləmir. Əksinə, xalqları, millətləri bir-birinə qovuşdurmağa, onları bir-birinə qohum etməyə çalışır.

Dünya tarixindəki bu səpgili hadisələrə və fəlsəfəyə rəğbət bəsləməsi Qiyamı ustadının da gözündə ucaldır. Oxucu əmin olur ki, əgər dayağı olarsa, ömrünə qəsd edilməzsə, Qiyam gec-tez xalqına layiq oğul olacaq.

Poemanın epiloqu da təsirlidir, müəllif tərəfindən peşəkarcasına tapılıb.

Bu səhnədə Mir Cəlal müəllimin təmənnasız yaxşılıqları xatırlanır, Mir Cəlalla Qiyam qucaqlaşır, ustad həm əsərin iştirakçıları olan doğmalarını, həm də tamaşaçıları mehribanlıqla süzür, işıq seli ilə səhnədəki postamentə doğru gedir. Müəllifin remarkasında deyildiyi kimi “Postametit yavaş-yavaş yuxarı qalxdıqca Mir Cəlal heykələ, abidəyə çevrilir”

Xalq şairi Nəriman Həsənzadə “Xəlvətdə yanan şam” dramatik poemasında sonsuz səmimiyyət, şairə xas olan axıcı dil, lisan və ləhcə var. Ən başlıcası isə əsərin mehvərində təmənnasız yaxşılıqları, xeyirxah insanları unutmamağa dair bir çağırış səslənir.

Atababa İsmayıloğlu

Azərbaycanın Əməkdar mədəniyyət işçisi