Seymur Orucov: “Hədəflərimiz bəllidir" ÖZƏL-MÜNASİBƏT

12 Yanvar 2019 11:43 (UTC+04:00)

"Biz hər il olduğu kimi bu ildə artıq hədəflərimizi bəlli etmişik. Hal-hazırda yanvar ayının sonunda həm Gənclər Günü, həm də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2018-ci ildəki hesabatına dair tədbirə hazırlaşırıq. Partiya rəhbərliyinin iştirakı ilə möhtəşəm bir tədbirin keçirilməsi nəzərdə tutulub. Hazırda gənclərimiz həmin tədbirlə bağlı hazırlıq işlərini görürlər. Digər tərəfdən biz regionlarda erkən nikahlarla, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması ilə bağlı və s. layihələr həyata keçirəcəyik. Eləcə də ölkədə görülən işlərin gənclərə çatdırılması istiqamətində proqramlar işlənir və hazırlanır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

"Bununla belə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə regional tədbirləri milli mənəviyyatımız, milli-mənəvi dəyərlər, Azərbaycan dilinin qorunması, Azərbaycan dili mini mənəviyyatımızdır adı altında tədbirlər həyata keçirməyi nəzərdə tutumuşuq. Digər istiqamət isə bu gün bildiyiniz kimi dünyanın ən böyük məsələlərindən biri davamlı və dayanıqlı inkişafın təmin edilməsi ilə bağlıdır. Artıq bununla da bağlı layihəyə başlamışıq. Həmin layihənin birinci mərhələsi olub. Onun ikinci və üşüncü mərhələlərinin isə regionlarda keçirilməsi nəzərdə tutulub. Həmçinin qida təhlükəsizliyi, icbari tibbi sığorta ilə bağlı həm paytaxtda, həm də regionlarda insanları maarifləndirməklə bağlı layihələrin keçirilməsi nəzərdə tutulub. Biz bu ildən etibarən onların fəaliyyətinə start verəcəyik. Bizim bununla birlikdə ənənəvi bayramlarımız var. Bununla belə Xocalı soyqırımı qurbanları ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində Azərbaycan dövləti və Heydər Əliyev Fondu çox böyük işlər görür. Biz bununla da bağlı müəyyən maarifləndirici layihələr hazırlamışıq. Bu il artıq YAP GB-nın konfransının keçirilməsi gözlənilir. Biz ilk olaraq regionlarda konfranslara başlayacayıq. Artıq bu istiqamətdə də hazırlıq işləri gedir. Biz istəyirik ki, bunu müasir tələblərə uyğun və yeni üslubda, platformada həyata keçirək. Təbii ki, bunun üçün də Partiya rəhbərliyi ilə məsləhətləşmələr aparılır.

Düşünürük ki, prosesə başlanğıc verildikdən sonra bunun forması, metodu yeni müstəvidə olacaq. Həmçinin bələdiyyə seçkilərində də yenidən YAP GB üzvlərinin namizədliklərinin sayında artım gözlənilir. Heç bir şübhə yoxdur ki, xalqın etimad etdiyi YAP həmin o bələdiyyə seçkilərində yenidən qalib gələcək. Eləcə də bu il idmanla bağlı tədbirlər keçirməyi nəzərdə tutmuşuq”-deyə, YAP GB sədri fikrini tamamlayıb.