Bakıda qəhvə və çay festivalı davam edir FESTİVAL

12 Yanvar 2019 11:02 (UTC+04:00)

İlin çoxdan gözlənilən ən böyük tədbiri - Bakı qəhvə və çay festivalı (“Baku Coffee & Tea Festival”) keçirilir. SİA-nın məlumatına görə,y anvarın 11-dən paytaxtın ən qədim bazar ərazisində (“Passaj 1901” kompleksində) başlayan festival Beynəlxalq Qəhvə Birliyi (Specialty Coffee Association) və Dünya Qəhvə Təşkilatının (World Coffee Events) dəstəyi ilə reallaşıb.

SİA-nın məlumatına görə, Beynəlxalq Qəhvə Birliyinin Azərbaycanın nümaydəliyi bidirib ki, sərgidə həm yerli, həm də xarici qəhvə və çay şirkətləri iştirak edir. Festivalın keçirilməsində məqsəd qəhvəni Azərbaycanda çay qədər məşhur etməkdir. Azərbaycanda artıq ikinci dəfə təşkil olunan tədbirə Türkiyə və Kolumbiyanın ölkəmizdəki səfirlikləri də qatılıb. Öz qəhvəsi ilə məşhur olan bu ölkələrin festivala qatılması tədbirə xüsusi maraq yaradıb.Festivalda ziyarətçilərə türk qəhvəsi, səhləbi və şirniyyatları təqdim olunub. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi bildirib ki, ölkəsinin tədbirdə iştirakı rəmzi xarakter daşıyır.

Qeyd edək ki, bir çox qəhvə və çaysevərləri bir araya toplayan qəhvə və çay festivalına maraq olduqca yüksəkdir. Həmçinin festival çərçivəsində qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və ustad dərsləri, qonaqlar üçün “brew bar”, istirahət zonası, uşaq əyləncə məkanı və sair əyləncələr təşkil ediləcək.

Festival yanvarın 13-də yekunlaşacaq.