Bu ölkədə 40 mindən çox qadın sürücülük vəsiqəsi aldı

11 Yanvar 2019 21:03 (UTC+04:00)

Səudiyyə Ərəbistanı Kralının qadınlara maşın sürməyə icazə verilməsi barədə fərmanından sonra 40 mindən çox qadın bu hüquqdan istifadə edib. Yerli mətbuatın yazdığına görə, bu barədə Səudiyyə Ərəbistanı Nəqliyyat Departamentinin rəisi Məhəmməd əl-Bassami məlumat yayıb. Bildirib ki, ötən il iyunun 24-dən bəri qadınların maşın sürməsinə qadağa aradan qaldırıldıqdan sonra 40 mindən çox qadına sürücülük vəsiqəsi təqdim olunub. Onun sözlərinə görə, qadınların sürücülük vəsiqəsinin alınması prosedurunun sürətləndirilməsi üçün Krallığın müxtəlif regionlarında daha 14 sürücülük məktəbinin açılması nəzərdə tutulur.

Qeyd olunur ki, müvafiq fərman imzalandıqdan bir gün sonra 120 minə yaxın səudiyyəli qadın sürücülük vəsiqəsi üçün müracıət edib.