“Adsız yüksəkliklər” bədii filmi nümayiş ediləcək

11 Yanvar 2019 17:46 (UTC+04:00)

Yanvarın 21-dən etibarən “Flame Towers”də yerləşən “Park Cinema”da rejissor Hilal Baydarovun ekranlaşdırdığı “Adsız yüksəkliklər” bədii filmi nümayiş ediləcək. SİA-nın məlumatına görə, xronometrajı 93 dəqiqə olan ekran əsəri yanvarın sonlarında Şarjah Film Platforumunda və başqa beynəlxalq film festivallarında ölkəmizi təmsil edəcək. Daha öncə film Kanadada Monreal Film Festivalında və Almaniyada Cottbus Film Festivalında nümayiş olunub.

Rejissor filmdə fəlsəfi bir problemi - insanın təbiət qarşısında diz çökməsini ortaya qoyur. Sirli bir səs özünü kameradan təqdim edir. Bu səs dağlarda təcrid halında yaşayan kiçik bir insan qrupunun başına gələn qəribə hadisələri müşayiət və idarə edir. Onun tərəfdaşı “səyyah” adlanan, səkkiz ildən sonra doğulduğu yerə qayıdan və evlərini heç vaxt tərk edib getməmiş insanlar arasında müxtəlif qorxular oyandıran gənc bir adamdır. Səyyah icmanın zahidlik, tabelik və ən uyğun olanın həyatda qalması kimi xarakterizə olunan sərt və arxaik qaydalarını silkələyir. Şahmat oyunçusu kimi, o, başqalarının reaksiyalarını provokasiya edir və oyun prosesindəki məğlubiyyətləri qəbul edir.