"Prezident hər iclasda Ermənistan hakimiyyətinə önəmli mesaj göndərir” ÖZƏL-MÜNASİBƏT

11 Yanvar 2019 16:49 (UTC+04:00)

“Azərbaycan Prezidenti cənab İlham Əliyev “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq” fikrini hər iclasda xatırlatmaqla Ermənistan hakimiyyətinə və cəmiyyətinə önəmli mesaj göndərir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, mesajın əhəmiyyəti budur ki, Ermənistan öz istəyi ilə Azərbaycan torpaqlarını boşaltmasa, buna məcbur ediləcək və bu zaman işğalçı ölkənin itkiləri böyük olacaq: "Necə ki, qonşu dövlət 2016-cı il aprel savaşında üzləşdiyi itkilərdən hələ özünə gəlməyib. Azərbaycan Prezidenti ötən il Naxçıvanda azad olunan torpaqları da misal olaraq xatırladıb. Yəni Azərbaycan ordusu irəriləməkdə davam edəcək. Bu işğalçı dövlətə təzyiq vasitəsidir və Azərbaycan Ermənistana təzyiqi getdikcə artıracaq. Bizim başqa alternativimiz yoxdur. Ermənilər anlamalıdırlar ki, Azərbaycan torpaqlarının işğalı üzərində özlərinə gələcək qura bilməyəcəklər, biz buna imkan verməyəcəyik. Azərbycan Prezidenti Ermənistan hakimiyyətinə və cəmiyətinə bunu anlatmaq istəyir”.