Ukraynada Azərbaycan Mədəniyyət Mərkəzi, ART Qalereya və Heykəl Parkı açılacaq

11 Yanvar 2019 12:30 (UTC+04:00)

Ukraynanın Xarkov şəhərində səfirliyimizin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin, ART Qalereya və Heykəl Parkının açılışı üçün işlər yekunlaşıb. SİA-nın məlumatına görə, Xarkovun mərkəzində yerləşəcək Azərbaycan Mədəniyyət Mərkəzi, ART Qalereya və Heykəl Parkının açılışı yaz aylarında baş tutacaq.

Layihə səfirliyin dəstəyi və təşəbbüsü ilə Ukraynanın Xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin və ART Qalereyanın əsas məqsədi Azərbaycan mədəniyyətini və sənətini təbliğ etmək, mədəni irsin qorunması, istedadlı uşaqların inkişafı və dəstəklənməsi, Ukraynanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, humanitar aksiyaların həyata keçirilməsi və xeyriyyə fəaliyyətinin təbliği məqsədilə milli, regional və yerli proqramların həyata keçirilməsinə kömək etməkdir.