"Ermənistanın gələcək mövcudluğu sual altındadır" AÇIQLAMA-ÖZƏL

11 Yanvar 2019 11:42 (UTC+04:00)

“Ermənistanda vəziyyət kifayət qədər gərgindir. Hakimiyyətə gələn yeni qüvvələr parlament seçkilərindən sonra burada tam üstünlük əldə etmələrinə baxmayaraq, onlara qarşı çox ciddi “Qarabağ” klanı, yəni hərbi cinayətlərdə “əli” olan qüvvələr dayanır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Ermənistan parlamentində müxalifətin təmsil olunmadığını deyən deputat söyləyib ki, düşmən ölkədə mövcud olan mürəkkəb vəziyyət öz həllini tapmaq üçün sülh istiqamətində, qonşularla normal münasibət formalaşdırmalıdır.

Onun sözlərinə görə, əgər Ermənistan sülh istiqamətində və qonşularla normal münasibətlərin qorunması istiqamətində addım atarsa, o zaman bu ölkə düşdüyü çətinliklərdən xilas olmaq şansı qazana bilər.

Ermənistanda bu problemlərin daha da dərinləşəcəyini söyləyən A.Mollazadə hesab edir ki, bu ölkənin gələcək mövcudluğu sual altındadır: “Ermənistan işğalçılıq siyasətinə son qoyaraq, həm Azərbaycana, həm Gürcüstana olan ərazi iddialarından əl çəkməlidir. Amma son hadisələr bunun əksini göstərir. Ermənistan qonşu dövlətlərlə münasibətlərini yaxşılaşdırmaq əvəzinə, onların daha da korlanması və gərginliklərini dərinləşdirmək istiqamətində addımlar atır. Bütün bunlar Ermənistanın gələcək müstəqilliyinin sual altında olacağından xəbər verir”.