ABŞ-Türkiyə münasibətlərinin regiona təsiri? ŞƏRH - ÖZƏL

10 Yanvar 2019 16:52 (UTC+04:00)

Yerli və xarici ekspertlərin 2019-cu illə bağlı açıqlamalarını diqqət etsək, bu proqnozların hər birində cari ilin dünya siyasəti üçün gərgin olacağını görə bilərik. Hətta bəziləri bu il dünya ölkələri arasında pərdə arxası toqquşmaların, müxtəlif oyunların qurulacağını da istisna etmir. 2019-cu ilin ilk günlərindən baş verən hadisələrə nəzərən də söyləyə bilərik ki, artıq gərginlik qığılcımları özünü göstərməkdədir. Buna misal kimi Avropada gedən prosesləri, Karaqanda hadisələrini, Avropa İttifaqının İrana qarşı sanksiyalarını, eləcə də ABŞ-Türkiyə arasında baş verənləri gətirə bilərik. Xüsusilə də son Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidentinin mili təhlükəsizlik məsələlər üzrə müşaviri Con Boltonla görüşdən imtina etməsi bunu dünya siyasətinə və eləcə də regiona təsirsiz ötüşməyəcəyini deməyə əsas verir.

İki ölkə arasında münasibətlər bundan sonra necə davam edəcək?

Mövzumuza keçməmişdən öncə xatırlatma edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidentinin müşaviri ilə görüşdən imtina etməsinin səbəbi Con Boltonun Türkiyəyə səfərdən əvvəl verdiyi açıqlama olub. Belə ki, müşavir Türkiyəyə səfərdən əvvəl İsraildə olub və bildirib ki, Suriyanın şimalında kürdlərin qorunması ilə bağlı anlaşma olmadan ABŞ hərbçiləri həmin bölgədən çıxmayacaq.

Rəcəb Tayyib Ərdoğan Boltonun bu açıqlamasına cavab olaraq isə bildirib ki, Türkiyə üçün YPG, PKK, PYD ilə İŞİD arasında heç bir fərq yoxdur: “Terrorçulardan başqa indiyədək hansı kürd öldürülüb? Hazırda Suriyanın Kobani bölgəsindən olan 200 min kürd Türkiyəyə sığınıb. Suriyada türklərin kürdləri hədəfə alması ən alçaq iftiradır. PKK/YPG-PYD-nin İŞİD-ə qarşı mübarizə apardığı da ağ yalanlardandır. İŞİD-lə PKK/YPG-PYD terrorçu qruplaşmaları arasında münaqişə mənfəət uğrunda baş verir”.

“ABŞ-ın qoşunlarını Suriyadan çıxarmaq haqqında qərarının icrası zəifləyir”

İki ölkə arasında münasibətlərin bundan sonrakı məcrasını şərh edən politoloq Nəzakət Məmmədova deyib ki, Türkiyənin hərbi-siyasi dairələrinin yüksək rəhbərliyi arasında yeni ilin ilk öngünlüyündə olduqca hərəkətlilik müşahidə olunur: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkəsinin müdafiə nazirini və baş qərargah rəisini qəbul edib. Onlar Amerika nümayəndə heyəti ilə Ankarada keçirilən görüş barədə prezidentə məlumat veriblər. Görüş mətbuata qapalı keçirilsə də, ehtimal ki, Fəratın şərqində türk silahlı qüvvələrinin əməliyyatı məsələsi də müzakirə olunub. Ötən ilin sonlarında ABŞ öz hərbi kontingentini Suriyadan çıxarmaq barədə qərar qəbil etsə də, lakin hələ ki, qərarın icrası zəifləyir ”.

“Bundan sonrakı planlar Türkiyəni qane etmir”

ABŞ prezidentinin müşaviri Con Boltonun Türkiyə səfərini uğurlu hesab etməyən politoloq deyib ki, çünki ABŞ-ın bundan sonrakı planları Türkiyəni qane etmir: “Görünən odur ki, ABŞ öz hərbi kontingentini Suriyadan çıxarmaq barədə qərar qəbul etsə də, "müqəddəs yer boş qalmaz” prinsipindən çıxış edərək müttəfiq ölkələrin koalisiyası vasitəsilə orada öz planlarını davam etdirməkdə israrlıdır. Belə ki, Qaşıqçı hadisəsindən sonra Ər Riyada səfər edən ABŞ dövlət katibi Pompeo Səudiyyə Ərəbistanından 100 milyon dolları PYD/PKK/YPG-yə göndərməyi tələb etdi, ardınca isə Suriyanın Ayn ül-İsa məntəqəsində Suriya rəsmiləri ilə PYD/YPG nümayəndələri görüş keçirdilər. Pompeo bu günlərdə Yaxın Şərqə səfərə gələrək bir sıra ölkələrin rəhbərləri ilə görüşlər keçirib. Məqsəd 2019-cu ilin yanvarında yaradılması nəzərdə tutulan "sünni ordusu" və ya “ərəb NATO”suna dəstək almaq ola bilər. Həmin ordunun başında isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Körfəzin bəzi ərəb ölkələrinin dayanması, onun şiə İrana, eləcə də Türkiyəyə qarşı istifadə edilməsi nəzərdə tutulur”.

“ABŞ PYD/YPG/PKK-nı ərəb müttəfiqlərinin himayəsinə vermək planları qurub”

Politoloqun fikrincə, görünən odur ki, ABŞ Suriyadan çıxdıqdan sonra PYD/YPG/PKK-nı atmaq yox, onu Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla ərəb müttəfiqlərinin himayəsinə vermək planları qurub: “Kürdlərin ilk olaraq Rusiya ilə yaxınlaşmağa can atdığı, ABŞ-ın Suriyanı tərk etməsindən sonra Türkiyənin Fəratın şərqində əməliyyat keçirməsinin, bölgəyə nüfuz etməsinin qarşısını almaq üçün Kremllə danışıqlara cəhd etdiyi müşahidə olunurdu. 2018-ci il dekabrın 14-də PYD/YPG nümayəndələri Moskvaya səfəri zamanı "xarici təhlükədən", yəni Türkiyədən qorunmaq üçün ruslara yol xəritəsi də təqdim etdilər. Eyni zamanda, PYD/YPG-nin Suriya hökuməti, Əsədlə görüşərək əllərində olan əraziləri və silahları onun nəzarətinə vermək barədə danışıqlar aparması məlumdur. PYD/YPG nümayəndə heyətinin Moskva səfərində əsas məqsəd qeyd etdiyimiz kimi həm də Əsədlə yaxınlaşmaq üçün Kremldən vasitəçilik xahiş etmək olmuşdur və rusların bu təklifə ciddi yanaşdığı bildirilir. Yol xəritəsində yer alan müddəalardan birincisi Türkiyə ilə Suriyanın sərhəddində, Fəratın şərqində Suriyanın hökumət qoşunlarının yerləşdirilməsi, PYD/YPG-nin də onların sıralarına daxil edilməsi olub. Görünür, PYD/YPG həm Suriya, həm də Rusiya ilə birgə ikili oyun aparmaq, bu vasitə ilə Türkiyəyə qarşı dayanmaq planları qurur. İkinci mərhələdə isə "Suriya Demokratik Qüvvələri" adlanan əsasən kürdlərdən ibarət silahlı birləşmələrin buraxılması, onlardan mülki həyata qayıtmaq istəməyənlərin Suriyanın hökumət qoşunlarına daxil edilməsidir. Bu birləşmənin buraxılması Türkiyənin tələbi idi və bununla Türkiyənin Fərat çayının şərqində həyata keçirmək istədiyi əməliyyatın qarşısı alınmağa çalışılır. Lakin ağır silahların amerikalıların özlərinə qaytarılması sual altındadır”.

“Rusiya Türkiyə ilə münasibətlərini kürdlərə qurban verməyəcək”

N.Məmmədova vurğulayıb ki, PYD/YPG-nin eyni zamanda nəzarət etdikləri neft quyularını Suriya hökumətinə təhvil verməyə hazır olduqları görünür: “Lakin ən həssas məsələ özünüidarə regionda siyasi sistem məsələsidir. Onlar bütöv Suriyada yaşamaq istədiklərini bildirsələr də, şübhəsiz ki, muxtariyyət əldə etmək istəyirlər. Kürdlər yeni konstitusiyanın yaratdığı imkanlardan istifadə edərək, muxtariyyət, xüsusi status tələb edirlər, lakin Əsəd buna qarşıdır və kürdlər məhz ona bu məsələdə təsir göstərmək üçün Moskva ilə yaxınlaşmağa cəhd göstərirlər. Bildiyimiz kimi ötən ilin yayında ABŞ və Türkiyə arasında Menbiç məsələsində razılıq əldə edildi. Əgər kürdlər şəhəri tərk etməsələr, Türkiyə oraya qoşun yeritmək hüququ əldə edirdi. Bu məsələ də, həllini gözləyir. Çünki Menbiç kürd yox, ərəb şəhəridir. Lakin oranı İŞİD-dən PYD/YPG birləşməsinin təmizlədiyi məlumdur. Odur ki, kürdlər buna görə xüsusi imtiyaz tələb etsə də, konkret həll yoxdur. Türkiyə həm Fəratın şərqində, həm də qərbindəki Menbiç şəhərində kürdlərin oradan çıxmayacağı halda ABŞ-dan əməliyyat aparmaq barədə razılıq alıb və hazırda onun həyata keçirilməsi üzərində iş gedir. Kürdlərin planlarından biri də Menbiçdə neytral zolaq yaratmaq, buradakı ABŞ patrul qüvvələrini Rusiya hərbi polisi ilə əvəzləməkdir. Lakin Əsəd qoşunlarının şəhərə daxil olması, eləcə də Türkiyənin bura qoşun yeritməsini kürdlər istəmirlər. Rusiyanın kürdlərlə separatçı danışıqlar aparması təbii ki, Türkiyə ilə müttəfiqlik münasibətləri baxımdan doğru deyil. Lakin vacib olan Suriyanın və Türkiyənin ərazi bütövlüyünün saxlanmasıdır. Kürdlər isə Rusiya ilə münasibətdə özlərini etibarsız müttəfiq kimi göstərdilər və ehtimal ki, Rusiya Türkiyə ilə münasibətlərini onlara qurban verməyəcək”

Proseslər Azərbaycana təsir edə bilərmi?

ABŞ-Türkiyə arasında gedən proseslərin Azərbaycana təsirinə gəlincə, politoloq əlavə edib ki, Yaxın Şərq mövzusu beynəlxalq siyasətin ayrı bir seqmentidir və bizimlə bilavasitə əlaqəsi çox zəifdir: “Bizim yerləşdiyimiz Cənubi Qafqaz regionu isə ayrı xüsusiyyətləri, yeri və rolu olan bölgədir. Lakin Suriya prosesində fəal rola malik olan Rusiya, İran və Türkiyə bizim qonşumuzdur və onların beynəlxalq siyasətdəki mövqeyi, eləcə də ABŞ-ın bu dövlətlərlə münasibətləri bizə bilavasitə təsir edir. Təbii ki, onlar arasında gərginlikdən çox, əməkdaşlıq bizə faydalıdır, böyük güclərin qarşıdurması Azərbaycanı da çətin seçim qarşısında qoyur. Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli, neftin dünya bazarında qiyməti və digər məsələlərdə Türkiyə-ABŞ, Rusiya-ABŞ, İran-ABŞ arasında yaxınlıqdan çox onların rəqabəti prosesləri ətalət nöqtəsindən tərpədərək dinamiklik yarada bilər ”.