BSU-da qış imtahan sessiyasına start verilib

8 Yanvar 2019 19:35 (UTC+04:00)

Bakı Slavyan Universitetində yanvar ayının 3-dən etibarən qış imtahan sessiyası başlayıb. BSU-nun rektoru, professor Nurlana Əliyeva imtahan sessiyası ərəfəsində universitetdə ciddi hazırlıq işlərinin aparıldığını, şəffaflığın təmin edilməsi üçün lazımi cür şərait yaradıldığını vurğulayıb. Rektor imtahandan öncə, hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirildiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. O, imtahan dövründə tələbələrlə məsləhət saatlarının keçirildiyini də qeyd edib. N.Əliyeva bildirib ki, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin, qısa zamanda, araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Operativ qərargah və Münaqişə Komissiyası yaradılıb.

BSU rektoru universitetdə bütün imtahanların, bir qayda olaraq, yazılı formada aparıldığını deyib. Qeyd edək ki, qaydalara uyğun olaraq imtahanlararası müddət 3 gündən az olmamalıdır. İmtahanlara ayrılmış vaxt isə 3 saat müəyyənləşdirilib. İmtahan sessiyası ilə bağlı yaradılmış qərargahın rəhbəri Beynəlxalq Münasibətlər Kafedrasının müdiri, professor Habil Məmmədovdur. O, imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirildiyini bildirir və nəticələrin imtahan başa çatdıqdan az sonra elan edildiyini qeyd edir. Qərargah rəhbəri tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini vurğulayır.

H.Məmmədov qərargahın iş rejimi barədə də məlumat verib. Qərargah rəhbərinin sözlərinə görə, imtahandan əvvəl qərargah üzvləri tərəfindən auditoriyalara baxış keçirilir, çatışmazlıqlar dərhal aradan qaldırılır. O,

imtahanlarla bağlı şikayətlərə əvvəlcə dekanlıq nəzdində fəaliyyət göstərən Münaqişə Komissiyalarında, məsələ burada həllini tapmadığı təqdirdə isə, universitetin Münaqişə Komissiyasında baxıldığını bildirir. H.Məmmədov qeyd edib ki, şikayətlərin araşdırılmasında valideynlər də iştirak edir. Həmişə olduğu kimi, bu il də imtahan sessiyyası ərzində Mətbuat Xidməti tərəfindən imtahanlara ictimai nəzarəti həyata keçirən mediaturların təşkili nəzərdə tutulub.

ZÜMRÜD