Beynəlxalq sistemdə etik siyasət

7 Yanvar 2019 10:16 (UTC+04:00)

Dövlətlərarası əlaqələrdən və ya siyasətdən bəhs edildiyi zaman ingilislərin dövlətlərin mənfəətini vurğulayan məşhur yanaşması ön plana çıxmaqdadır. Realist zəmində dəyərləndirdiyimizdə ümumi cəhətdən qəbul edilmiş bir baxış olmaqla birlikdə, mütləq doğru olaraq qəbul edildiyi zaman bəzi əlaqələrin açıqlanmasında çətinlik yaranır. Azərbaycan-Türkiyə əlaqələri də məhz mənfəət çərçivəsində dəyərləndirilə bilinməyəcək əlaqələrdəndir.

Geostratejik mövqeləri etibarilə daim digər dövlətlərin maraq dairəsində olan bu iki dövlət siyasi, iqtisadi və hərbi müqavilələrlə əlaqələrini genişləndirməklə birlikdə, əməkdaşlıqlarının əsas zəminini əhdə vəfa prinsipi üzərində formalaşdırmış, qarşılaşılan problemlərdə göstərilən təzyiqlərə rəğmən bir birilərinə dəstəklərini əsirgəməmişdir. Sovet İttifaqının süqutu sonrası iqtisadi çətinliklərlə birlikdə ərazi bütovlüyü və müstəqilliyi təhdid altında olan Azərbaycana ən böyük siyasi dəstək məhz Türkiyə tərəfindən verilmiş, Kommunist blokun çöküşü ilə Qərb nəzdində əhəmiyyətini hissediləbiləcək dərəcədə itirən Türkiyənin regionda manevr sahəsini genişləndirməsində isə Azərbaycan öz səyini əsirgəməmişdir. Belə ki, 1990-ların başında rəsmi Ankaranın Moskva və Qars müqavilələrinə istinadən Naxçıvanı Azərbaycandan qoparacaq hər hansı bir müdaxilənin cavabsız qalmayacağını açıqlaması, erməni silahlı qüvvələri tərəfindən Qarabağın və ətraf rayonların işğalı üzərinə Ermənistanla diplomatik əlaqələri kəsməsi, Ermənistanla diplomatik əlaqələrin təsisi və ikili əlaqələrin inkişaf etdirilməsi haqqında 2009-cu il Sürix protokollarının təsdiqi üçün Qarabağın işğalının sonlandırılmasını ön şərt olaraq göstərməsi və Qarabağla bağlı həqiqətlərin beynəlxalq platformlarda Türk diplomatlar tərəfindən davamlı səsləndirilməsi Türkiyənin məqsədyönlü şəkildə apardığı dövlət siyasətinin təzahürü olmuşdur.

Azərbaycan isə enerji istehsalçısı ölkə olaraq baş rol oynadığı BTC, TANAP və TAP kimi iqtisadi layihələrlə enerji ixracını və çeşitliliyini həyata keçirməklə birlikdə Türkiyə ilə əlaqələrini də genişləndirmiş, eyni zamanda Türkiyənin regional güc olaraq önə çıxmasına təsir göstərən iqtisadi zəminə öz töhfəsini vermişdir. Bunun yanında Ermənistanın və erməni diasporunun sözdə "soyqırım" iddialarına qarşı qeyd şərtsiz dəstək verən ölkələrin başında yer almış, diaspor fəaliyyətində böyük əməkdaşlıq nümunəsi göstərmişdir. 2014-də Aİ-nın “Şərq tərəfdaşlığı” zirvəsində Sarkisyan tərəfindən Türkiyəyə ünvanlanan haqsız ittihamlara Azərbaycan Prezidenti İlham Əliyevin sərt cavabı isə iki ölkənin bir-birilərinin problemlərinə rəhbərlər səviyyəsində sahib çıxdıqlarının nümunələrindən olmuşdur.

Hərbi sahəyə baxdığımızda, müstəqilliyin ilk illərində Azərbaycan Ordusunun formalaşmasında və təchizatında Türkiyənin mühüm rolu olmuş, Türkiyə Hərbi Akademiyasında yüzlərlə Azərbaycan zabiti yetişmiş, ortaq tətbiqatlarla hərbi peşəkarlıq artırılmış, Kosova və Əfqanıstanda sülhməramlı qüvvələr içərisində birlikdə fəaliyyət göstərilmişdir. Belə ki, Kosova və Əfqanıstanda Azərbaycan tağımlarının Türk birliyi içərisində yer alması Azərbaycan və Türkiyə ictimaiyyəti tərəfindən təqdirlə qarşılanmışdır. Üzərində durulması gərəkən məsələlərdən biri də təhsil sahəsində həyata keçirilən layihələrdir. Bu layihələr çərçivəsində minlərlə tələbənin qarşılıqlı olaraq bakalavr, magistratura və doktorantura pillələrində təhsil alması, dövrün tələblərinə cavab verən biliklərə yiyələnməsi mühüm amil olmaqla birlikdə, bunu sadəcə tələbə mübadiləsi olaraq düşünməməliyik. Bu layihələr eyni dili dini paylaşan xalqın, xüsusilə yeni nəslin sosial zəmində bütünləşməsini də hədəfləmişdir.

Təbii ki Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın, bütünləşmənin qarşısında yer alan, regional güc olaraq ön plana çıxmalarına maneələr yaradan güclər də yox deyildir. Xüsusilə siyasi sahədə hər iki dövlətə qarşı ikili standartların tətbiqi, iqtisadi yöndən süni böhranların yaradılmağa çalışılması, sosial zəmində etnik ayrımcılığın körüklənməsi, terror qruplaşmalarına yardımların göstərilməsi, ərazi bütövlüyünə biganə qalınması təsadüfən yaranmış amillər deyildir. Bu səbəbdən iki dövlət üçün bundan sonrakı dövrdə əməkdaşlığı daha da dərinləşdirmək, strateji ortaqlığı qoruyub saxlamaq başlıca hədəflər içərisində olmalıdır.

Nəticə etibarilə onu deyə bilərik ki, Azərbaycan və Türkiyə içərisində olduğumuz dövr etibarilə güclünün haqlı olduğu, beynəlxalq normların yenidən yorumlandığı bir beynəlxalq sistemdə etik dəyərlərlə siyasət aparan nadir ölkələr sırasındalar. Təbii ki, bu mövqeləri onlar üçün müəyyən çətinliklər yaratmaqdadır. Lakin şübhə yoxdur ki, yüzillər boyunca formalaşmış olan dəyərlər bundan sonra da hər iki dövləti bir arada tutacaq və hədəfləri istiqamətində mayak rolunu oynayacaqdır.

Elnur Eyvazov, politoloq