Dərə dibindəki müxalifətin “zirvə” görüşü MÜXALİFƏT

19 Dekabr 2018 09:03 (UTC+04:00)

Yaxud, İsgəndər Həmidovun məqsədi nədir?

Artıq, nə cəmiyyət, nə də işlədikləri müəyyən qaranlıq siyasi dairələr qarşısında heç bir etimadı qalmayan ənənəvi müxalifətin siyasi səhnədə son çabalarını verməsi kimsəyə sirr deyil. İstər Avropadakı saxta “siyasi mühacirlər” vasitəsi ilə, istərsə də digər vasitələrlə siyasi gündəmi zəbt edib, ictimai rəyin diqqətini üzərlərində cəmləşdirmək missiyasını reallaşdıra bilməyən düşərgə bu dəfə başqa “xilas” yolu axtarmağa başlayıb. Lakin bu yolda da sapıntıların mövcudluğu göz önündədir.

İsgəndər Həmidov “müxalifəti bir araya gətirməyi bacaran lider” statusuna sahib olmaq ambisiyasındadır

Məsələ ondadır ki, ənənəvi müxalifətin “yeni birlik formatı” ətrafında bir araya gəlməsi üçün ən çox səy göstərən AMDP sədri İsgəndər Həmidovdur. Görünür, o düşərgədaxili ziddiyyətlərdən, eyni zamanda boşluqlardan maksimum dərəcədə istifadə edərək, “liderlik” məqamını ələ keçirmək planını həyata keçirmək məqsədini ortaya qoyub. Bu baxımdan, düşərgədəki siyasi partiyaları qapı-qapı gəzərək, “müxalifətin zirvə toplantısı” adlı tədbir keçirməyi planlaşdırır. Bu məsələdə ona “Xural”ın baş redaktoru Əvəz Zeynallının dəstək göstərməsi ilə olduqca ilginc məsələlərdən xəbər verməkdədir...

İlk ehtimal isə budur ki, İ.Həmidovun xəstəxanadan çıxar-çıxmaz bu məsələyə girişməsi, onun öz vəziyyətindən sui-istifadə edərək, mövqeyini gücləndirməsi marağıdır. Daha dəqiq desək, İ.Həmidov “müxalifəti bir araya gətirməyi bacaran lider” statusuna sahib olmaq ambisdiyasındadır. Lakin gəlin görək, onun “zirvə toplantısına” dəstəklər varmı və varsa, bu dəstəklər hansı siyasi təşkilatlar tərəfindən verilib?

İlk rədd cavabları AXCP, Müsavat və REAL-dan gəldi!

Mediaya sızan məlumata görə, “zirvəyə” 40-a yaxın müxalifət partiyası dəvət olunsa da, onlardan ən səsli-küylüləri – Əli Kərimlinin sədri olduğu AXCP-nin, Müsavatın başqanı Arif Hacılının, eləcə də REAL partiyasının sədri İlqar Məmmədovun bu təşəbbüsə “yox” dedikləri üzə çıxıb. Yəni bu partiyalar sözügedən tədbirə qatılmayacaqlarını bu və ya digər şəkillərdə bildirməkdədirlər. Əgər bu partiyaların ayrı-ayrılıqda İ.Həmidov-Ə.Zeynallı cütlüyünün təşəbbüslərini rədd etdikləri ətrafında mülahizələrimizi irəli sürərsək, belə bir nəticəyə gələ bilərik: həm Müsavat, həm AXCP, həm də REAL bunu başqasının kölgəsi altında fəaliyyət kimi qiymətləndirirlər. Misal üçün, xatırlaya bilərik ki, hələ “Milli Şura” yaradılarkən, AXCP sədri Ə.Kərimli bu quruma üzv olmayan siyasi partiyaları həqiqi müxalifət kimi tanınmayacağını bəyan etmişdi. Eləcə də, Müsavatın başqanı Arif Hacılı partiyasının daha səmərəli format təsis etmək planı ətrafında fikirlər səsləndirmişdi. REAL tərəfi isə, ümumiyyətlə, ənənəvi müxalifətçilik tendensiyasını rədd edərək, daha “proqressiv” müxalifətçilik üzərində fəaliyyət göstərməyi məqbul hesab edildiyini bildirərək, bütövlükdə düşərgədəki bütün format və birliklərdən imtina edib.

REAL-dan daha konkret cavab: “Dəvət gəlsə də, belə bir şəraitdə iştirak etməmək ehtimallarımız daha çoxdur”

Əgər nəzərə alarsaq ki, “zirvə” tədbirinə ən yaxşı halda KXCP, “Ümid”, “Ədalət”, VHP, AXP və s. bir neçə siyasi partiyalar qatılmaq razılığı verəcəklərsə, bunun siyasi gündəmə heç bir təsiri olmayacaq. Hətta AXCP, Müsavat və REAL partiyaları da bu təşəbbüsə “hə” desəydilər, yenə də düşərgədəki ağır durum normallaşdırıla bilinməyəcəkdi. Çünki buna əsas səbəb var – cəmiyyət bu kimi köhnə və nimdaş, təfəkkürü dəyişməmiş, siyasi ambisiyalarının qurbanlarına çevrilmiş ənənəvi müxalifəti birmənalı olaraq qəbul etmir. Cəmiyyətə isə zorən nəyisə qəbul etdirmək qeyri-mümkündür.

Yeri gəlmişkən, İ.Həmidovun təşkil etməyə çalışdığı “zirvə” ilə bağlı REAL-ın icarçı katibi Natiq Cəfərli maraqlı fikir bildirib. O, Azərbaycan müxalifətində son 20 ildə 11 birlik modelin olduğunu xatırladaraq deyib ki, onlar heç br səmərəli nəticə əldə edə bilməyiblər. “Bunların heç biri, yüngül desək, uğurlu modellər olmayıb”, deyən N.Cəfərli hesab edir ki, belə modellərin öncədən bəlli bir məqsədi, gündəliyi olmalıdır: “Açığı, bizim üçün hələ də bu “zirvə” görüşünün məqsədi, məramı, proqramı və atılacaq addımların ardıcıllığı məlum deyil. Ona görə iştirakla bağlı qərar verməmişik. Dəvət gəlsə də, belə bir şəraitdə iştirak etməmək ehtimallarımız daha çoxdur”.

İsgəndər Həmidov düşərgədəki “lidelik” mövqeyini ələ keçirmək planlarını bəri başdan iflasa uğramış kimi hesab edə bilər

Göründüyü kimi, burada görünən həqiqətlərdən biri elə yuxarıda qeyd edilən faktlardır. O cümlədən, şəxsi ambisiyaların mövcudluğu da burada əsas rol oynayır. Daha doğrusu, REAL partiya olaraq, İ.Həmidovun AMDP-nin kölgəsinə heç vaxt çəkilməz. Yaxud, AXCP “Milli Şura”nı İ.Həmidovun təklif edəcəyi formatın ayağı altına atmaz. Həmçinin, Müsavat da bənzər məqsədlərə sahib olduğu üçün, AMDP-nin əlaltısına çevrilmək istəməz.

Beləliklə, İ.Həmidov düşərgədəki “lidelik” mövqeyini ələ keçirmək planlarını bəri başdan iflasa uğramış kimi hesab edə bilər. Onun yaradacağı “format” isə, ən yaxşı halda kağız üzərində qoyulacaq imzalardan başqa bir şeyə yaramayacaq. Çünki bu, sadəcə dərə dibinə düşmüş və uzun illərdir bir qarış olsa belə, yuxarı çıxa bilməyən bir düşərgənin növbəti xəyallarıdır.

Rövşən NURƏDDİNOĞLU