Yaponiyada sürücüsüz işləyən sərnişin avtobusları sınaqdan keçirilir

17 Dekabr 2018 20:39 (UTC+04:00)

Yaponiyanın Qumma prefekturasında sürücüsüz işləyən sərnişin avtobuslarının real şəraitdə sınaqlarına başlanılıb.

AZƏRTAC “belta.by” saytına istinadən bildirir ki, sürücüsüz işləyən avtobusun hərəkət marşrutu hazırda 1 kilometrdir, avtobuslar saatda 20 kilometr sürətlə hərəkət edir. Sözügedən avtobuslar lazer sensorlar, çoxlu kamera, GPS naviqator və avtomatik olaraq sürət və döngələri müəyyənləşdirən avadanlıqla təchiz edilib. Avtobus, həmçinin işıqforun vəziyyətini müəyyənləşdirir.

Yaponiyanın yollarında sürücüsüz işləyən nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən qanunvericilik yoxdur. Ancaq sınaqlar zamanı avtobus sürücüsü daim öz yerindədir və yoldakı vəziyyəti izləyir, zərurət yarandıqda hər an sükan arxasına keçə bilər.

Sınaqlar 2019-cu ilin martınadək davam edəcək. 2020-ci ilədək Yaponiyada sürücüsüz işləyən nəqliyyat vasitələrinin tətbiqinə başlamaq planlaşdırılır.