Heydər Əliyevi anarkən... və ya həzin bir xatirə

12 Dekabr 2018 08:51 (UTC+04:00)

Günlərin birində Məhəmməd (ə.s.) peyğəmbərdən soruşurlar: "Həyatda kim Allaha yaxın, xoşbəxt adam hesab edilə bilər?" Sevimli peyğəmbərimiz fikirləşmədən cavab verir: "Sağlığında xeyirxah əməlləri ilə xalqın məhəbbət və hörmətini qazanan, ölümündən sonra isə yadigar qoyduğu asarlara görə daim rəhmətlə yad edilən insan".

"Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya!" demiş babalar. Xəlq olunan, dünyadan köçməlidir. Bu, Ulu Tanrının yazısı, təbiətin dəyişilməz qanunudur. Fəqət, yaşamı və mövcudluğu ilə bir xalqın ümidinə və pənahına çevrilən, ömrünü şam edərək öz millətinin xoşbəxt gələcəyini hələ sağ ikən təmin edən, eşqi vətən-xalq, amalı qurub-yaratmaq olan insanlar dünyadan köçsələr də, yaşayırlar. Bəşər tarixi əlçatmaz insani, peyğəmbərlik keyfiyyətlərini Özündə ehtiva edən çox az şəxsiyyətlər yetişdirmişdir. Təsvirinə yetərincə nail ola bilmədiyim insanlıq mücəssəməsinin fövqündə, məhz Heydər Əliyev durur - söyləsəm, bu zirvənin fatehi, məhz Heydər Əliyevdir - ifadəsi işlətsəm, zənnimcə, məni heç kəs ifrata varmaqda qınaya bilməz. Bu, olsa-olsa, tarixin təkzibolunmaz reallığının, ayrıca bir xalqın deyil, bəşəriyyətin təsdiq etdiyi gerçəkliyin sadə bir insan tərəfindən səmimiyyət və məhəbbətlə söylədiyi ifadədən başqa bir şey deyildir. Heydər Əliyevin Azərbaycan xalqına bəxşi Ulu Tanrının bu xalqa yaxınlığının təsdiqi, onun bəxtinin üzdə olmasının sübutudur.

Allah-Taala Heydər Əliyevi bizim xalqımıza necə bəxş etmişdisə, o sayaq da dilimizdən aldı, özü də çox tez, vaxtsız. "Vaxtsız" ifadəsində heç bir mübaliğə və ya şişirtmə yoxdur. Ona görə ki, O öz ömrünü yox, xalqın ömrünü yaşayırdı. Bir xalq üçün isə 80 il nədir ki?!

Deyirlər - "Zərin qədri itəndən, xoşbəxtliyin qiyməti isə əldən gedəndən sonra bilinər". Heydər Əliyevin ölümü bu tarixi deyimin hikmətini təsdiqləmiş oldu.

Hələ heç bir cənazə son mənzilə belə yola salınmamışdı ki, bəşər tarixi bu qədər insan axınının, bu qədər hüzn və kədərin şahidi olsun. Bu hüzn, bu kədər bir xalqın əlindən getmiş xoşbəxtliyinin dərki, izdiham isə öz dahi oğluna məhəbbət və ehtiramın ifadəsi idi. Azərbaycan xalqına üz vermiş əvəzsiz itkinin və itkidən törənən ağrının nəticəsindən idi ki, xalq elan olunmamış qırx günlük matəm yaşadı.

Bəli, Azərbaycan xalqı arzuolunmaz bir reallığı, inanmaq istəmədiyi gerçəkliyi yaşadı. Bu Heydər Əliyev itkisindən törənən ağrı, göynərti idi. Heydər Əliyevin dünyadan köçməsi Ona ümümxalq sevgisinin bir daha sübutu, ölməzliyinin təsdiqi oldu. Bəli, xoşbəxt o şəxslərdir ki, öləndən sonra ona qəlblərdə məhəbbətdən doğan abidələr ucaldılır.

Ölüm bir Heydərimizi əlimizdən aldısa, Onun əvəzində milyonlarla qəlbdə Heydər heykəli, Heydər abidələri ucaldıldı. Bu isə ölməzlik, əbədiyaşarlıq deməkdir.

Rahat uyu, əziz Prezidentimiz!

Xoşbəxt görmək istədiyin xalqının taleyi, qurub-yaratdığın dövlətin sükanı etibarlı əllərdədir.

Ruhun şad olsun, qəbrin nurla dolsun.

Allah-Taalanın bəyənməkliyini, Məhəmməd (ə.s.) peyğəmbərimizin dəyərləndirməkliyini özündə ehtiva edən bir insan, məhz Heydər Əliyev deyilmi?! Belə bir insanın haqq dünyasındakı yeri hansı məkan ola bilər?!

Əlbbətdə ki, Cənnət.

Əkrəm Əliyev,

YAP Suraxanı rayon

təşkilatının əməkdaşı