Festival iştirakçıları mükafatlandırılıb FOTOLAR

11 Dekabr 2018 18:38 (UTC+04:00)

R.Behbudov adına Dövlət Mahnı Teatrında “Rəqs Kaleydoskopu” adlı birinci beynəlxalq festival iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə festival haqqında məlumat verilib. Bildirilib ki, festival “Kainat” Gənclik Mərkəzinin dəstəyi, “Mehriban” rəqs və vokal qrupunun təşkilatçılığı ilə reallaşıb.

Beynəlmiləl tərkibli münsiflər heyəti festival-müsabiqəyə qatılmış yeniyetmə və gənclərin ifasında milli, folklor, müasir və dünya xalqlarının rəqs nümunələrini dəyərləndirərək qalibləri müəyyənləşdirib.

İlk festival-müsabiqənin xarici qonaqları qardaş Özbəkistan təmsilçiləri olub. Bu qədim diyarın ayrı-ayrı vilayətlərindən müsabiqəyə qoşulan gənc istedadlar Azərbaycandan olan həmyaşıdları ilə yaradıcılıq mübarizəsinə qoşulmaqla yanaşı, ustad dərslərində iştirak etmək imkanı qazanıblar.

Sonra qaliblər mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam edib.