"Zatulinin məqsədi Azərbaycan-Rusiya dostluq əlaqələrinə xələl gətirməkdir"

7 Dekabr 2018 19:08 (UTC+04:00)

Hazırda Azərbaycan və Rusiya prezidentlərinin həyata keçirdikləri siyasət nəticəsində ölkələrimiz və xalqlarımız arasında münasibətlər bütün sahələr üzrə inkişaf edir. Bu siyasi münasibətlər həm də ictimai proseslərə müsbət təsirini göstərir. Təsadüfi deyil ki, son günlər Rusiyanın siyasi elitasını təmsil edən bir çox politoloqlar, siyasət adamları, hərbi ekspertlər müxtəlif formatlarda Azərbaycanda səfərdə olublar. Onlar Rusiya-Azərbaycan münasibətlərinə, hərbi əməkdaşlığımıza dair, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, Qarabağın Azərbaycanın tarixi torpağı olması ilə bağlı fikirlər səsləndiriblər. Hesab edirik ki, Konstantin Zatulinin “Lazarev klubu”nu yaratmaqla bağlı təşəbbüsü görülən işlərə Rusiyanın bir çox ekspertlərinin, tanınmış insanların obyektiv münasibətinə uğursuz cavab cəhdidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında cari müzakirələr zamanı Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri, parlamentin komitə sədri Əli Hüseynli Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulinin Yerevanda “Lazarev klubu”nun iclasındakı çıxışı barədə danışarkən deyib.

Əli Hüseynli bildirib: “Görün vəziyyət necədir ki, bu klubun tədbiri ilə bağlı Ermənistanın armenia.im saytı belə qiymət verir: “Lazarev klubu” Rusiya-Ermənistan münasibətlərində ağrıkəsici təsiri bağışlayır, nəinki müalicəedici. Çünki bu münasibətləri indiki durumda sağlamlaşdırmaq mümkün deyil. Hesab edirik ki, bu tədbir reallıqda soyuq olan Ermənistan-Rusiya münasibətlərinə sadəcə müsbət bir ruh vermək cəhdindən başqa bir şey deyil.

Tədbirdə Rusiya tərəfindən iştirak edən ekspertlər, əsas etibarilə zamanında Qorbaçov, Yeltsin komandasında olmuş siyasət adamları, siyasi korrupsiyaya qurşanmış ermənipərəst ekspertlər olublar. Baxmayaraq ki, bu tədbirin keçirilməsi və səslənən fikirlər Rusiyanın rəsmi fikri deyil, amma bizim bu tədbirə adekvat münasibətimiz mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı narazılığını bildirib, bizim həmkarlarımız da ayrı-ayrı səviyyələrdə mətbuatda öz fikirlərini bildiriblər”.

Komitə sədri qeyd edib ki, Konstantin Zatulin erməni lobbiçiliyi ilə uzun illərdir ki, məşğul olur. Əgər o, Dövlət Dumasında sıravi bir deputat olsaydı, bəlkə də bu, bizi narahat etməzdi. Zatulin Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavinidir, həm də hakim “Yedinaya Rossiya” partiyasının üzvüdür. Əvvəllər də o, Azərbaycanla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli mövqeyini bildirib.

Əli Hüseynli deyib ki, hazırda Azərbaycan və Rusiya prezidentlərinin siyasətinə uyğun olaraq parlament münasibətləri də inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasının sədrinə müraciət göndərilməsini təklif edirəm. Çünki bu cür vəziyyətin davam etməsi yolverilməzdir. “Lazarev klubu”nun müzakirəsi zamanı hətta Qars müqaviləsi, Naxçıvanla bağlı iddialar da müzakirə predmeti olub. Bu da təəssüf doğurur. 1921-ci ildə Qars müqaviləsi imzalanan zaman Sovet Rusiyası ilə Türkiyə arasında sıx dostluq münasibətləri mövcud idi. Tarix təkrarlanır və bu dostluq münasibətləri indi də davam edir. Rusiyalı ekspertlər bilməlidirlər ki, onlar bu cür tədbirlərlə Rusiya-Türkiyə münasibətlərinə də xələl gətirirlər. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və heç zaman müzakirə predmeti ola bilməz. Zamanında da buna yol verilməyib və bunun heç bir beynəlxalq hüquqi əsası da yoxdur.

Komitə sədri diqqətə çatdırıb ki, Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun rəhbəri Dmitri Savelyev bu məsələ ilə bağlı mətbuatda çıxış edib, Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı fikirlərini səsləndirib. Zatulinin bu təxribatçı tədbiri ölkələrimiz arasında strateji müttəfiqlik əlaqələrinə, xalqlarımızın möhkəmlənən dostluq münasibətlərinə heç zaman xələl gətirə bilməz.