"Bəzi qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar"

7 Dekabr 2018 14:05 (UTC+04:00)

"Bu gün Rusiya-Azərbaycan münasibətləri yüksələn istiqamətdə, strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir, ölkə prezidentlərin mütəmadi qarşılıqlı səfərləri, görüşləri bunu bir daha göstərir. Lakin təəssüflər olsun ki, bəzi qüvvələr Rusiya Azərbaycan münasibətlərinə xələl gətirməyə, təsir göstərməyə çalışırlar". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

B.Əliyev bildirib ki, "Lazarev klubu"nda bir dəstə ermənini Moskvadan İrəvana gətirərək, ora Robert Koçaryanı və tanınmayan bir separatçı rejiminin rəhbəri olan Bako Saakyanı dəvət edərək hər hansı bir görüntü yaratmağa cəhd edən K.Zatulin qeyd edir ki, ilk dəfə 1994-cü ildə Dağlıq Qarabağa Robert Koçaryanla bir vertolyotda gəlib: "Təsəvvür edin ki, bu adam ağır cinayətlərdə iştirak etmiş şəxslə Dağlıq Qarabağa gəlir və bu gün bəyan edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq olmaz, Ermənistan yalnız Dağlıq Qarabağın müstəqilliyi uğrunda mübarizə aparmalıdır və bununla da o, Düşənbədə əldə olunmuş və Rusiya prezidentinin təşəbbüsü ilə aparılan işlərə kölgə salmağa cəhd edir".

B.Əliyev qeyd edib ki, K.Zatulin bu ilin yazında İrəvanda Paşinyana qarşı şüarlarla çıxış edib, indi isə guya Rusiya-Ermənistan münasibətlərini düzəltməyə çalışır: "Bu gün Ermənistanda 3-4 min rus millətindən olan insan qalıb, halbuki vaxtilə Ermənistanda 100 mindən artıq rus yaşayıb. Onlar hamısı çıxıb gedib, qalanlar isə iş adamlarıdır. Reallıq bundan ibarətdir ki, bu gün Ermənistanda siyasi rejim dəyişir və bu fürsətdən istifadə edərək Zatulin və onun kimi bulanıq sudan nəsə əldə etmək istəyənlər hər zamankı kimi yenə də öz məqsədlərini güdürlər".

Deputat vurğulayıb ki, bu cür hərəkətlərə Rusiya tərəfindən də münasibət bildirilməlidir: "Biz tələb etməliyik ki, Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət verilsin".