DSX uğurlu əməliyyatını davam etdirir FOTOLAR

7 Dekabr 2018 12:52 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir. SİA-nın verdiyi məlumata görə, 2018-ci ilin 4 dekabr tarixində “Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodu istiqamətində texniki nasazlıq səbəbindən batma təhlükəsi ilə üzləşən “SA-16129” bort nömrəli, “Yamaha-75” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərə-findən Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə köməklik göstərilməsi barədə müraciət edilib.

Sahil nəzarəti bölməsi tərəfindən mərkəzi istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisinə təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.

Sərhəd gözətçi gəmisi tərəfindən dalğalı hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən Makarov bankasının qərb istiqamətində sahildən 13 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib. Gəmi tərəfindən üzmə vasitəsi yedəyə alınıb, qayıqda olan 2 nəfər xilas edilərək sərhəd gözətçi gəmisinin bortuna götürülüb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslər Bakı şəhər sakinləri Ququşev Nikolay Anatolyeviç və İbrahimov Ağasəf Sahib oğlu olublar.