Cakomo Puççininin “Manon Lesko” operasının premyerası keçiriləcək

7 Dekabr 2018 11:21 (UTC+04:00)

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko” operasının premyerası keçiriləcək. SİA teatrdan verilən xəbərə görə, “Manon Lesko” Puççini yaradıcılığında xüsusi yeri olan ən dəyərli əsərlərindən biridir. Tamaşanın premyerası 1893-cü il fevralın 1-də Turində (İtaliya) baş tutmuşdur. Operanın librettosu Antuan Fransua Prevonun Avropada çox populyar olan “Kavaler de Qrie və Manon Leskonun sevgi tarixçəsi” adlı romanının motivləri əsasında təşkil edir.

Bir əsərdən artıq vaxt ötməsinə baxmayaraq “Manon Lesko” operası bu gün də dünya opera sənətinin inciləri sırasında bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.

Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulan premyera tamaşasında əsas partiyaları Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Manon Lesko), Fərid Əliyev (Kavaler de Qrie), Tural Ağasıyev (Edmondo), Xalq artisti Əkrəm Poladov (Jeront de Ravuar), solist Fəhmin Əhmədli (Fənərçi) ifa edəcəklər. Lesko partiyasında çıxış etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Pyotr Primak dəvət olunmuşdur.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.