Səfirimizin “Turkish Policy Quarterly” jurnalında məqaləsi dərc olunub

6 Dekabr 2018 18:08 (UTC+04:00)

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin qardaş ölkədə ingilis dilində rüblük nəşr olunan “Turkish Policy Quarterly” jurnalında elmi məqaləsi dərc edilib. SİA xəbər verir ki, “TANAP-enerjidən daha önəmli” sərlövhəli məqalədə Azərbaycan-Türkiyə əməkdaşlığının çoxistiqamətli dinamik inkişafından bəhs olunur. İki qardaş ölkənin birgə həyata keçirdiyi beynəlxalq iqtisadi layihələrin mahiyyətini izah edən müəllif TANAP-ın ticarət, təhlükəsizlik və digər sahələrin inkişafına verdiyi töhfələrdən yazır.

Azərbaycan-Türkiyə əlaqələri və TANAP layihəsinin qardaş ölkənin geostrateji mövqeyini gücləndirdiyini qeyd edən səfir diqqətə çatdırır ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərləri, eləcə də Bakı-Tbilisi-Qarsa dəmir yolu Avrasiyada yeni bir iqtisadi münasibətlər müstəvisi formalaşdırıb.

Bildirilir ki, TANAP təkcə enerji nəqliyyat dəhlizi deyil, o, həm də digər layihələr üçün davamlı inkişaf yaradaraq dinamik hərəkətdə olan cəlbedici bir vasitədir. Müəllif Xəzərin Azərbaycan sektorunun enerji resurslarının Avropa üçün vacibliyinin artması, TANAP layihəsinin qitənin enerji bazarı üçün daha önəmli faktora çevrilməsi, layihənin Xəzər regionu, Mərkəzi Asiyada regional tərəqqi və təhlükəsizliyə verdiyi töhfələr barədə fikir və mülahizələrini bölüşür.