"“Lazerev klubu”nda terrorçuluğu əsas vasitə kimi seçən qüvvələr cəmləşib" ÖZƏL-RƏY

6 Dekabr 2018 15:41 (UTC+04:00)

“Ümumiyyətlə “Lazerev klubu”nda yer alanlar ilk növbədə ermənipərəst siyasi dairələrin təmsilçiləridir. Bura həm Rusiyada erməni maraqlarına xidmət edən və Rusiyanın erməni lobbisi, diasporunun əlində alət olan “siyasətçilər”, eyni zamanda Ermənistanda şovinist mövqedən çıxış edən və öz fəaliyyətlərində terrorçuluğu əsas vasitə kimi seçən qüvvələr cəmləşib". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, həmin qüvvələr ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi nəticəsində ifrat radikal mövqeləri ilə seçilirlər: "Heç bir halda münaqişənin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həlli ideyasını deyil, onlar daha çox qeyri-konstruktiv mövqeləri ilə gündəmə gəliblər. Hesab edirəm ki, burada Rusiya Dövlət Dumasının Komitə sədrinin müavini Konstantin Zatulin kimi hər zaman ermənipərəst qüvvələrin əlində alətə çevrilən bir şəxsin də yer alması təsadüfi deyildir. Bu o Zatulindir ki, hakimiyyətdən devrilmiş Serj Sarkisyanı özünün ən yaxın dostu hesab edirdi və fəxrlə də deyirdi ki, ondan qızıl hədiyyələr alıb. Hətta Zatulin Serj Sarkisyanı dünya siyasətində çox güclü beynəlxalq siyasi qrosmestr hesab edirdi. İndi isə onun beynəlxalq səviyyəli qrosmestrhesab etdiyi Sarkisyan devrilib. Zatulin indi yenə də yeni sahiblər, yiyələr axtarışındadır. Yəqin ki az keçməz “Lazerev klubu”nda çıxışları ilə o Paşinyanın da diqqətinin cəlb olunmasına çalışacaq. Bununla da o yenə də özünün ənənəvi ianələr, rüşvət və korrupsiyaları hesabına yaşam tərzini davam etdirməyə çalışacaq. Bu hər kəsə bəlli faktlardır. Ümumiyyətlə onun deputat seçilməsində erməni lobbisi və diasporasının Soçidə nə qədər əzmkarlıq göstərdiyi məlum faktlardır. Ona görə də belə bir klubun toplantısının keçirilməsi ilk növbədə münaqişənin həlli imkanlarını buxovlayan, çətinləşdirən və məhdudlaşdıran addımdır”.