"Nar" media nümayəndələrinə yeni məhsullarını təqdim edib

6 Dekabr 2018 15:38 (UTC+04:00)

Dekabrın 6-da "Nar" "Bakutel" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində media nümayəndələri ilə görüş keçirilib və ən son məhsullarının təqdimatını edib.

Şirkətin nümayəndəsi Kənan Məsimov "Nar"ın Azərbaycan telekommunikasiya bazarında ilk dəfə tətbiq etdiyi onlayn TV - "Nar TV" və "Nar Wi-Fi" haqqında ətraflı məlumat verib.

Bildirib ki, abunəçilərə rahat şəkildə sevdiyi kanalları izləmək imkanı yaradan "Nar TV" mobil tətbiqini telefonlara və tabletlərə yükləməli, "Nar" nömrəsindən istifadə edərək qeydiyyatdan keçməlidir. Bundan sonra abunəçilər istənilən məkanda və vaxtda smartfonlarında 100-ə qədər Azərbaycan, regional və beynəlxalq kanallara rahat şəkildə baxa bilərlər.

Məlumat verilib ki, "Nar TV" tətbiqini yükləyən istifadəçilər idman, əyləncə, uşaq, film, xəbər kanallarına bir ay ərzində pulsuz baxa biləcəklər. Həmçinin media nümayəndələrinə "Nar TV"nin üstünlükləri barədə də danışılıb və əyani göstərilib.

Mətbuat konfransında "Nar"ın sərgidə təqdim etdiyi digər məhsul - "Nar Wi-Fi" haqqında da məlumat verilib. Qeyd olunub ki, bu internet paylayıcısı sayəsində abunəçilər istənilən məkanda sərfəli qiymətə portativ yüksək sürətli internetə (LTE/4G) çıxış əldə edəcəklər. Bunun üçün müvafiq tarifli SIM kart ruterə daxil edilir və enerji mənbəyinə qoşulduqdan sonra qurğu avtomatik olaraq işə düşür. Otuzdan çox cihaz eyni anda internetə qoşula bilir. "Nar Wi-Fi" ev, bağ, ofis və biznes məkanlarını fiber-optik kimi sürətli internetlə təmin edən naqilsiz texnologiyadır. "Nar Wi-Fi" ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir.

Daha sonra media nümayəndələri "Nar" stendinə dəvət edilib və mobil operatorun yeni texnologiyaları ilə əyani tanış olublar.

"Azerfon" şirkəti ("Nar ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərinin birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkənin 97 faizini əhatə edir və 7300-dən artıq baza stansiya ilə 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar" şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications" keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.