"Türkiyənin Rusiya ilə əlaqələrə son verməyəcəyinin əlamətləri görünür" ÖZƏL-RƏY

6 Dekabr 2018 14:35 (UTC+04:00)

“Türkiyə ərazisində “Türk axını” layihəsinin tikintisi başa çatdı. Bu münasibətlə Türkiyədə təntənəli tədbirlər keçirildi. V.Putin və R.T.Ərdoğan təntənəli mərasimdə iştirak etdilər. R.T.Ərdoğan V.Putinə “zati aliləri” deyə xitab etdi. Türkiyə- Rusiya-ABŞ üçbucağında baş verənlərin həssas dövründə bu müraciət forması Türkiyənin yaxın zamanlarda ABŞ-ın diktəsi ilə Rusiya ilə əlaqələrə son verməyəcəyinin əlamətidir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, iki ölkə prezidentləri ölkələr arasındakı münasibətlərin bütün spektrini müzakirə etdilər: “Rusiyadan Türkiyəyə turist axının artdığı xüsusi qeyd edildi. İki ölkə prezidenti daim təmasdadır. Daha çox Suriya məsələsi və İrana qarşı ABŞ sanksiyaları müzakirə olunsa da Kerç insidenti də müzakirə gündəliyinə daxil oldu. R.T.Ərdoğan həm RF, həm də Ukrayna prezidenti ilə telefonla danışdıqdan sonra vasitəçiliyini təklif etdi.

RF Müdafiə naziri S.Şoyqu Soçidə Türkiyənin Milli Müdafiə naziri Hulusu Akarla görüşüb, Suriyada və İdlib ətrafındakı məsələni hərtərəfli müzakirə etdilər. ABŞ prezidenti D.Trampla Türkiyə prezidenti R.T.Ərdoğan arasında əlaqələr intensivləşib. İki dəfə telefonla danışan prezidentlər Parisdə görüşdülər. Suriya məsələsi və səudiyyəli jurnalist Qaşıqçının qətlə yetirilməsi məsələləri müzakirə edildi. Türkiyə Suriyada ABŞ-ın müşahidə məntəqələri yaratmaq planını dəstəkləmədi.

Fətullah Gülənin ofisinin rəhbəri Salih Gezegiri ABŞ Türkiyəyə deportasiya etdi. Bu Türkiyədə Gülənin də veriləcəyi ümidlərini yaratdı. ABŞ hələ ki, bunu təkzib edir. Türkiyə ABŞ-ın daxili təhlükəsizlik naziri və baş prokuroruna qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdı.

R.T.Ərdoğan ABŞ hərbçiləri ilə kürdlərin birlikdə patrul xidməti reallaşdırmasını qınadı. Bəzi Ərəb dövlətləri Türkiyəni Fars körfəzi barədə xəbərləri fabrikləşdirmədə ittiham etdilər.

Səudiyyəli jurnalist Qaşıqçının qətlinin üstünün açılması istiqamətində maksimal fəaliyyətdə olan Türkiyənin öz jurnalistlərinə qarşı neqativ münasibəti Qərbdə birmənalı qarşılanmır. Fransa Xİ naziri Jan-İv-Le Drian: “Ərdoğan Qaşıqçı işində siyasi oyun aparır”. Türkiyənin Xİ naziri M.Çavuşoğlu L.Driana kəskin cavab verdi”.