Nazirlikdən Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılmasına MÜNASİBƏT

6 Dekabr 2018 13:57 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından gedib. SİA məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb.

Əməkdaşımıza açıqlama verən nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov F.Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrında yaradıcılıq fəaliyyətini dayandırması barədə mətbuatda yayılan bəyanatı Mədəniyyət Nazirliyi və nazirliyin rəhbərliyi üçün gözlənilməz olduğunu bildirib: "Fəxrəddin Manafov Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli simalarından biridir. Xalq artisti 40 ilə yaxın müddətdə kino sahəsində zəngin fəaliyyəti ilə, bir çox filmlərdə yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb, ölkənin hüdudlarından kənarda da milli kino sənətimizi tanıdıb. Eyni zamanda son illər Dövlət Rus Dram Teatrının səhnəsində geniş tamaşaçı marağına səbəb olan rollar oynayıb. Fəxrəddin Manafov yaradıcı fəaliyyəti ilə həmçinin bir ziyalı, mədəniyyət xadimi kimi cəmiyyətdə hörmət və nüfuza malikdir. Onu da qeyd edim ki, xalq artistinin mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verilib. Fəxrəddin Manafovun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onun narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq verilib. Hazırda teatrın rəhbərliyi bununla bağlı müvafiq iş aparır. Məsələ nazirliyin rəhbərliyinin diqqət və nəzarətindədir".