Arzu Nağıyev: "Ermənistanın builki qışı daha bərbad ola bilər" AÇIQLAMA-ÖZƏL

6 Dekabr 2018 12:25 (UTC+04:00)

“Paşinyan əvvəlcədən yeni ilə qədər seçkilərin keçirilməsi və qələbə qazanmasına çalışırdı. Çünki Ermənistan üçün qış həddindən artıq sərt gələcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

O bildirib ki, bu gün Ermənistanın həm logistik, həm də iqtisadiyyatla bağlı mövcud problemləri onların builki qışını daha bərbad vəziyyətə gətirib çıxara bilərdi: “Çünki, bu gün Ermənistana gələn hər hansı yük iki dəmiryolu - Gürcüstan və İran xəttindən gələ bilər. Lakin Gürcüstandan daşınmaların da avtomobil yolları vasitəsilə həyata keçirildiyini nəzərə alsaq bu ölkədə qışla bağlı böyük problemlərin yarandığını deyə bilərik”.

Ermənistanda iqtisadi problemlərlə yanaşı, siyasi problemlərinin də yaşandığını deyən A. Nağıyev söyləyib ki, düşmən ölkənin bu problemlərlə üzləşməsinin əsas səbəbi onun həm Qərb, həm də Rusiya yönümlü olmasıdır: “Bu cür siyasət həyata keçirmək qeyri-mümkündür. Ermənistan dəfələrlə bəyan edib ki, Rusiya Dağlıq Qarabağ məsələsi həll olunana qədər bizə lazımdır. Hətta ABŞ prezidetinin müşaviri Con Bolton Ermənistanda səfəri zamanı Paşinyana bildirmişdi ki, tarixə vararaq, özünüzün əsiri olmayın. Bu da Ermənistana Azərbaycan və Türkiyə ilə düşmənçilik münasibətində olmamağa bir çağırış idi”.

Politoloq deyib ki, bu gün Ermənistanın böyük strukturlarında gedən yoxlamalar zamanı böyük yeyintilərin olduğu üzə çıxır: “Bundan başqa Ermənistanın hərbi baxımından ciddi problemləri var və ən pisi odur ki, Ermənistan belə vəziyyətdə seçkilərə gedir. Bu problemlərin olması Paşinyan tərəfdarlarının azalmasına da səbəb olub. Son mitinqlərdə də bunu görmək mümkündür. Çünki, mitinqləri idarəetməklə hakimiyyəti idarə etmək arasında mühüm fərqlər var”.

A. Nağıyev qeyd edib ki, Paşinyan hazırda qubernatorları dəyişmək, müxtəlif vədlər verməklə seçkilərdə nəyin bahasına olursa-olsun qalib gəlmək istəyir: “Hətta seçkinin uduzması ilə bağlı ehtimallar olsa belə, bu, inandırıcı görünmür. Paşinyan birmənalı olaraq qalib gələcək. Amma əsas məsələ bundan sonra baş verəcək proseslərdir”.