Bədii gimnastika üzrə Azərbaycan birinciliyinə start verilib

6 Dekabr 2018 12:10 (UTC+04:00)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışlarına start verilib. SİA-nın məlumatına görə, yarışların ilk üç günündə fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər, qrup hərəkətləri komandaları isə balacalar və yeniyetmələr yaş kateqoriyalarında mübarizə aparacaqlar. İdmançılar arasında “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” klubu, “Zirvə” beynəlxalq idman klubu, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Bakı Su İdmanı Sarayı, “Zabrat” idman klubu, həmçinin Sumqayıt şəhərinin, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri çıxış edirlər.

Turnirin sonuncu günündə bölgələrarası kubok yarışları start götürəcək. Sayca beşinci olan bu turnirdə bölgələri təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında çıxışlarını yerinə yetirəcəklər.

Yarışların ən maraqlı məqamı sonuncu günə təsadüf edəcək. Tamaşaçılar ötən il olduğu kimi, bu il də “Qızıl yaş” şousunda məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələrini izləyə biləcəklər.

Yarışa dekabrın 9-da yekun vurulacaq.