Qanunsuz ov edən brakonyerlər cərimələnib FOTO

4 Dekabr 2018 15:08 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar ölkənin sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədi ilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının İmişli rayonu ərazisində keçirdikləri reydlər nəticəsində 3 ədəd ov tüfəngi, 38 ədəd patron və 2 ədəd “Qırmızı kitab”a düşmüş “Turac” quşu götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

İdarə əməkdaşları dəniz kənarında fəaliyyət göstərən və sanitariya qaydalarına riayət etməyən, ətraflarında tullantılar olan bir neçə obyektlə bağlı da müvafiq tədbirlər görüb.

Polis əməkdaşları sahilkənarı kafe və restoran sahibləri ilə ətraf mühitin qorunması, təmizliyə riayət olunması mövzusunda mütəmadi olaraq profilaktiki söhbətlər aparırlar.