Kimdir düşmənimiz: həmsədrlər, yoxsa ermənilər?

3 Dekabr 2018 18:46 (UTC+04:00)

Yazı başlığımın cavabı qətiyyən birmənalı deyil, burası yüzdə-yüz dəqiqidir. Xüsusilə, müasir dünya siyasətinin iyrənc ikiüzlü diplomatiya maskasının yırtılıb cırıldığı zamanda kimin dost, kimin düşmən olduğu ağlı başında olan hər kəsə aydındır. Aydın olmayan isə, bizim kimi siyasi sadəlövhlərin, əsrlər keçsə də, heç zaman dəyişməyən beyin hüceyrlərimizdə, Novruzəlinin "Poçt qutusu"ndakı kor inadkarlığı kimi, bizim də Qərb diplomatlarına inanmağımız, haçansa bunların qatı xrisitan damarlarının günlərin bir günü yumşalıb bizlərə də "gün ağlayacağı" barədə Novruzəlidən qalma düşüncə qlobusumuzda heç vaxt real olmayan nağıllar uydurmağımızdır.

1992-ci ilin yayında Helsinkidə qurulan ATƏT-in Minsk Qrupuna imza atmaqla, əslində, Qarabağı çar Nikolaydan və Ruzveltdən üzü bəri ermənilərin mənəvi lobbisi olan Qərb və rus diplomatiyasına öz qırılmış əllərimizlə hədiyyə etdik. Bəli, açıq-aşkar hədiyyə etdik!

O zaman bəzi siyasətçilərimiz bunu elə sevinclə qeyd edirdilər ki, guya münaqişəni beynəlxalq diplomatiya müstəvisinə keçirmişik. Bədbəxt təfəkkür! Qarabağı aparıb verdik xaçlı pələnglərə ki, buyurun, necə istəyirsiniz, eləcə də bölüşdürün. Bununla da, qızı ata evindən qaçırdan kimi, guya Qarabağ münaqişəsini də Moskvadan "qaçırdıb" dünya birliyinə həvalə etdik ki, daha səsimizi boğa bilməsinlər. Sanki Nyu-Yorkda, Brüsseldə, Parisdə, Berlində oturanlar insaf, ədalət tərəzisində Moskvadan "bir çömçə" yuxarıda idilər və ümidimiz onlara idi.

Mənzərəyə bax: Novruzəlinin təfəkkürü 21-ci əsrdə də davam edir. Yenə özümüz-özümüzü sadəlövhcəsinə aldadırıq, cənablar, bəylər, qardaşlar, yoldaşlar! Şair bu yerdə lap əla deyib: "Kimi aldadırsan a zalım oğlu?"

Tarixin bir çox dönəmində Qərb və rus diplomatiyası bir-birinə əl verməyi əla bacarıb. Əlbəttə, öz marağları naminə. Bizim kimi Novruzəlilər isə, onlar üçün bütün zamanlarda əla yem olub. Yenə də onlara yem olduq. Bu dəfə ATƏT kimi açıq-aydın bizi öz siyasi caynağında saxlamaq üçün qurulan diplomatik həbsxna formasında. Erməni faşistlərinin Xankəndində "iş başına" qoyduqları Bako Saakyan kimi müharibə canisini və qatı terrorçunu ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrdə bağırlarına basıb qardaş kimi yuxarı başa keirdilər.Vasitəçilik, tərəfsizlik kimi boşboğaz terminlər də getdi işinin dalınca. Vəssalam!

Neçə əsrlərdir ki, başımıza min bir müsibət gətirilsə də, çiyinlərimizin üstündə gəzdirdiyimiz başımızın içindəki beyin hüceyrələrimizdə hələ heç nəyi dəyişmirik ki, dəyişmirik.

Yenə Novruzəli babadan qalma düşüncəmiz, yadlara qardaş olub, özümüzə qənim kəsilmək adətimiz, ona-buna qucaq açıb özümüzün kölgəmizi belə baltalamağımız, istehzalı da olsa, min şükür, yerindədir. Tarixmizi unutsaq da, əməllərimizi neçə əsrdir ki, özümüzlə daşıyırıq...

Sadəlövhlüyümüz, unutqanlığımız, keçmişimiz də bizimlə iyirmi birinci əsrə qədər əməllicə yol qət eləyib. Düzdür, tarix boyu xalqımın qanını axıdan, günahsız azərbaycanlı körpələri diri-diri od vurub analarının gözü qarşısında yandıran, bütün əsrlərdə xalqıma amansız soyqırımlar yaşadan xalq ermənidir. Amma onun bu cinayətlərinə bütün əsrlərdə qərbsayağı iyrənc diplomatik "əzabkeş" donu geyindirib, ona züy tutan Qərb diplomatları ermənidən daha betər bir görkəmdə çıxıblar qabağımıza. 1918-ci ildə müstəqilliyimizi tanımaq məsələsində bir sıra beynəxalq konfranslardan başlayaraq, Qərb diplomatıiyası öz ikiüzlü "demokratiya" maskası ilə "əzabkeş erməni" daşnaklarının himayəçisi olub. Hətta ermənilərin rusların bir nömrəli nökəri olması da onların erməni sevgisinə zəhər qatmayıb, soyutmayıb. Bax, yenə də elədir. Saakyanı doğma qardaş kimi, Parisdə, Moskvada, Vaşinqtonda bağırlarına basırlar. O zamanlar da belə idi, indi də elədir. Əziz qardaşlarım, artıq Novruzəli təfəkkürünə "stop" deyək. Düşmənimiz təkcə erməni deyil...

Mətləb Salahov