"Təhsilimiz rəqabət qabiliyyətliliyinə görə aparıcı sistemlərdən birinə çevriləcək" AÇIQLAMA-ÖZƏL

29 Noyabr 2018 16:14 (UTC+04:00)

"Ötən gün Azərbaycan Müəllimlərinin XV qurultayında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilən IV qurultaydan sonrakı müddətdə təhsil sistemində həyata keçirilən tədbir və islahatlar müzakirə olunub, həmçinin təhsil sisteminin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilib, panel müzakirələr aparılıb. Bu tarixi əhəmiyyətli tədbirdə Panel müzakirələr də olduqca maraqlı mövzuları əhatə edirdi. Panel müzakirələr "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında aparılıb". Bunu SİA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Rəşad Tağıyev deyib.

O bildirib ki, qurultayda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğu, bir sıra ciddi nailiyyətlər əldə edildiyi bildirilib, perspektiv məsələlərdən bəhs edilib.

R.Tağıyev söyləyib ki, qurultayın qətnaməsində də bildirilir ki, müstəqil Azərbaycanın müəllimləri və bütövlükdə təhsil işçiləri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabət qabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək: "Onu da qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Bu, müstəqillik dövründə keçirilən Azərbaycan müəllimlərinin 5-ci qurultayıdır.

Əminliklə deyə bilərik ki, son illər təhsil sahəsində bir sıra parlaq uğurlara imza atılıb. XV qurultayın təhsil sisteminin inkişafında, təhsil işçilərinin gələcək uğurlarında çox mühüm rol oynayacağına əminik".

İdarə rəsmisi söyləyib ki, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, müəllim nüfuzunun və peşəkarlıq səviyyəsinin daha da artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəb idarəetməsi kimi məsələlərin növbəti illərdə də prioritet istiqamətlərdən biri olacağını söyləyə bilərik: "Davamlı olaraq ümumi təhsil müəssisələrinin maddi-texniki təminatının gücləndirilməsi istiqamətində görülən işlər, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili müəllimlik peşəsinə marağı ilbəil artırır. Bir sözlə, Azərbaycan Müəllimlərinin XV Qurultayı görülmüş işlərə nəzər salmaq və qarşıdakı əsas hədəflərin müəyyənləşdirilməsi, təhsil ictimaiyyətinin daha fəal hissəsinin vacib məsələlər ətrafında açıq müzakirə aparması baxımından olduqca səmərəli keçdi. Təbii ki, bütün bunlar təhsil ictimaiyyətinin bundan sonrakı fəaliyyətinə istiqamət verəcək, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması işini daha da sürətləndirəcək".