SOCAR rəsmisi: "TANAP və TAP boru kəmərlərinin birləşdirilməsi fiziki prosesdir"

21 Noyabr 2018 20:35 (UTC+04:00)

TANAP və TAP boru kəmərlərinin birləşdirilməsi fiziki prosesdir. Boru kəmərlərinin qaynaq olunmasını AZƏRTAC-a şərh edən SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, burada söhbət TANAP və TAP-ın bir-birinə fiziki olaraq qaynaq edilməsindən gedir.

“Belə ki, TANAP və TAP-ın 48 düymlük boruları qaynaqlanıb. Bu, fiziki prosesdir. Lakin bu, o demək deyil ki, boru kəməri ilə qaz nəql edilə bilər. Ümumilikdə bütün mexaniki işlərin ilin sonunda və ya gələn ilin əvvəlində tamamlanması nəzərdə tutulur. Yalnız bundan sonra boru kəmərinə sınaq məqsədilə təbii qazın vurulmasından söhbət gedə bilər”, - deyə SOCAR rəsmisi əlavə edib.

Qeyd edək ki, TANAP və TAP boru kəmərlərini bir-birinə birləşdirən “qızıl qaynaq” hər iki şirkətin nümayəndələrinin iştirakı ilə Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayı sahilində həyata keçirilib.