Ombudsman dəyirmi masada iştirak edib

21 Noyabr 2018 17:26 (UTC+04:00)

BMT-nin Uşaq Hüquqları Konvensiyasının Azərbaycan hökuməti tərəfindən ratifikasiya olunmasının 26-cı ildönümü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə “Uşaq hüquqları: bərabər imkanlar” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova iştirak edib.

SİA xəbər verir ki, giriş sözü ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin iştirakçıları salamlayıb, dəyirmi masanın məqsəd və məramını açıqlayıblar.
Ombudsman uşaqları 20 noyabr – Ümumdünya Uşaqlar Günü münasibətilə ürəkdən təbrik edib, xoş arzularını bildirib, bu əlamətdar günün əhəmiyyətini vurğulayıb.O, çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, insan hüquqları, o cümlədən uşaq hüquqlarının müdafiəsi istiqamətində də geniş islahatlar aparılıb. Əsası Ulu öndər tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hüquqlarının müdafiəsinə, onların sağlamlığına, təhsilinə, yüksək mənəvi-əxlaqi, milli dəyərlər əsasında təlim-tərbiyə alaraq hərtərəfli inkişafına xidmət edir.
Bu sahədə hər zaman təşəbbüsləri ilə uşaqları sevindirən ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanıb.
Diqqətə çatdırılıb ki, dövlətimizdə ali məqsədlərdən olan uşaq hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində Ombudsman təsisatı tərəfindən də innovativ təşəbbüslər əsasında müntəzəm silsilə tədbirlər keçirilir. Ombudsmanın Aparatında və regional mərkəzlərdə uşaq hüquqları üzrə müşavirləri, 916 qaynar xətt xidməti, uşaq hüquqları resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və bu təşkilatın nəzdində Liderlik Məktəbi fəaliyyət göstərir. Müvəkkil qeyd edib ki, 20 ilə yaxındır səmərəli fəaliyyət göstərən və hər bazar günü toplaşaraq Liderlik Məktəbinin dərslərində iştirak edən həmin Şəbəkənin üzvlərindən on nəfəri bu tədbirdə iştirak edir.
Ombudsman uşaq hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların, valideynlərin və onlarla işləyən şəxslərin maarifləndirilməsi, uşaq hüquq pozuntularının aradan qaldırılması, uşaq müəssisələrinin monitorinqi istiqamətində müvafiq dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqda müntəzəm fəaliyyət göstərdiyini bildirib.
Vurğulanıb ki, ənənəvi olaraq hər il olduğu kimi, bu il də Ümumdünya Uşaqlar Günü münasibətilə Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə 20 oktyabr - 20 noyabr tarixlərində Uşaq Hüquqları Aylığı keçirilib. Aylığın nəticələrinin təhlili göstərir ki, Ombudsmanın Aparatı və regional mərkəzləri, müvafiq dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və icmalar tərəfindən uşaqların birbaşa iştirakı ilə mindən artıq maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər və digər tədbirlərtəşkil olunub.
Eyni zamanda Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə birgə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına Bakı şəhərinin bütün rayonlarının, həmçininölkənin 32 şəhər və rayonunun 170-dən çox məktəbi cəlb edilmiş, bu prosesdə fərqlənmiş 10 mindən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 800-dən çox müəllim və direktor təşəkkürnamə alıblar.
Məlumat verilib ki, Müvəkkil və Liderlik məktəbinin üzvləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər çərçivəsində şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində olmuş, müəllimlər, şagirdlər, valideynlər və kənd sakinləri ilə görüşüblər. Ombudsman məktəbin kitabxanasına dəyərli ədəbiyyatlar, UNİCEF-in dəstəyi ilə nəşr edilmiş Azərbaycan dilində Uşaq Hüquqları Konvensiyası və onun tədrisi üçün vəsait, habelə digər maarifləndirici nəşrlər hədiyyə edib.Uşaq Hüquqları Aylığı çərçivəsində də Cocuq Mərcanlı kənd orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Çıxışda bildirilib ki, Azərbaycan Ombudsmanın üzvü olduğu Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) İspaniyanın Barselona şəhərində təşkil etdiyi beynəlxalq Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin (ENYA) forumunda əməkdaşımla yanaşı AUGSŞ-nin iki üzvü iştirak etmişlər.Onlar “Danışın gənclər, uşaqların mental sağlamlığı barədə danışın!” adlı layihə çərçivəsindəŞəbəkənin üzvləri arasından yaradılmış 11-18 yaşlı uşaqlardan ibarət qrupla çoxsaylı görüşlərin keçirildiyi, mövzu üzrə müxtəlif müzakirələrin, qrup işlərinin aparıldığı və mental sağlamlığa dair ölkədə həyata keçirilən fəaliyyət barədə beynəlxalq forumda təqdimatla çıxış ediblər. Məcburi köçkün ailəsindən olan Azərbaycanlı uşaq Ayxan İsmayılzadənin ingilis dilində səlis çıxışı və gözəl təqdimatı təşkilatçıları heyrətləndirib və o Parisdə keçirilən ENOC-un 22-ci İllik Konfransına və Baş Assambleyasına dəvət alaraq həmin tədbirdə də ölkəmizi layiqincə təmsil edib.
E.Süleymanova bütün uşaqlara təhsilə, elmə maraqlarını daha da artırmağı, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, habelə öz hüquqlarını bilməyi, sağlamlıqlarını və sağlam həyat tərzini qorumağı, müasir informasiya-kommunikasiya texnologiyalarını və xarici dilləri öyrənməyi, ictimai fəal və vətənpərvərlik ruhunda böyümələrini tövsiyə edib.
Sonra interaktiv tərzdə davam edən dəyirmi masada iştirakçı olan uşaqlar mövzu üzrə fikirlərini və təkliflərini bildirib, onları maraqlandıran məsələlərlə bağlı suallar Ombudsman və digər rəsmi nümayəndələr tərəfindən ətraflı cavablandırılıb.
Tədbirin yekununda iştirakçı uşaqlara, o cümlədənLiderlik Məktəbinin üzvlərinə Sertifikatlar təqdim edilib, rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.