"Arşın mal alan”nın Türkiyədə yeni quruluşda təqdimatı anşlaqla qarşılandı" FOTOLAR

21 Noyabr 2018 17:16 (UTC+04:00)

Samsun Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası yeni quruluşda nümayiş olunub. Tamaşanı yeni quruluşda Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev hazırlayıb. SİA-ya Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Türkiyədən səfərdən qayıdan rejissor təəssüratlarını bölüşüb: “Dahi bəstəkar Üzeyir Hacıbəylinin bu ölməz əsərinə dörd ölkədə - Türkiyə, Rusiya, Belarus və Çinin aparıcı teatrlarının səhnəsində quruluş vermişəm. Bu, Samsun Opera və Balet Teatrında “Arşın mal alan”ın ikinci quruluşu idi. İlk dəfə tamaşanı 2009-cu ildə səhnələşdirmişdim. Həmin tamaşa beş il repertuarda qalaraq böyük maraqla izlənilib. Bu dəfə isə tamaşa yeni traktovkada işlənildi. Tamaşanın yenidən səhnəyə qoyulmasının əsas səbəbi əlbəttə ki, tamaşaçı tələbatının olmasıdır. İkinci səhnə variantında isə xeyli dəyişikliklər etdim. Əgər birinci tamaşamız Anadolu türkcəsində səhnələşdirilmişdisə, bu dəfə tamaşada daha çox Azərbaycan dilinə üstünlük verildi. Tamaşa yeni aktyor heyəti ilə hazırlandı və hər bir obraz üçün üç aktyorla işlədik. Yəni, bir obraza üç dublyor olmaq şərti ilə. Tamaşanın iki premyerası böyük anşlaqla keçdi. Üçüncü premyera isə noyabrın 17-də gerçəkləşdi”.

Rejissorun sözlərinə görə, yaxın vaxtlarda kollektiv bu tamaşanı Türkiyənin bütün şəhərlərində nümayiş etdirmək məqsədilə qastrola çıxacaq: “Samsun Dövlət Opera və Balet Teatrı aprel ayında bu tamaşa ilə festivalda iştirak etməyi də planlaşdırır. Tamaşanın aktyor heyəti bütünlüklə türk aktyorlarından ibarətdir. Səhnə əsərini italiyalı dirijor Marco Morrone idarə edirdi. Gün ərzində 8-9 saat məşq etməklə tamaşa 25 günə tamamlandı. Onu da qeyd edim ki, tamaşa yeni traktovkada, tam yeni tərtibatda, bütün geyimlər və səhnə dekorasiyası Azərbaycan milli ornamentlərinə uyğun olaraq hazırlanıb”.