“Azərbaycan-Türkmənistan münasibətləri yüksək səviyyəyə qalxıb" ÖZƏL-RƏY

21 Noyabr 2018 16:53 (UTC+04:00)

“Azərbaycan artıq xarici siyasətini həyata keçirdiyini bir daha ortaya qoyur. Yaxın dost ölkələrə rəsmi səfərlər cənab Prezidentimizin bir qayda olaraq proqramındadır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Türkmənistanla Azərbaycanı ta qədimdən vahid mədəniyyət, din, dil birləşdirir: “Türkmənistanın indiki prezidenti Qurbanqulu Berdiməhəmmədovun dövründə Azərbaycan-Türkmənistan münasibətləri daha yüksək səviyyəyə qalxıb. İki dövlət arasında elə bir sahə yoxdur ki, orada əməkdaşlıq mövcud olmasın. Hər iki ölkə bir-birinin maraqlarına hörmətlə yanaşır, birgə əməkdaşlığı həyata keçirirlər və iqtisadi layihələrdə iştirak edirlər. Bir sözlə əməkdaşlığın genişləndirilməsi üçün çox böyük potenial var. İki dövlətin yaxın dostluq münasibətləri, eyni zamanda Xəzər hövzəsində sülhün təmin edilməsi üçün çox vacib bir məsələdir. Nəzərdən qaçırmayaq ki, Azərbaycan və Türkmənistan türkdilli dövlətlərdir. Onların dost olması birgə fəaliyyət göstərməsinə xüsusi bir önəm verir. Heç bir şübhə yoxdur ki, cənab Prezidentimizin Türkmənistana səfəri yüksək səviyyədə keçəcək. Tərəflər birgə əməkdaşlığın yeni formalarını ortaya qoyacaqlar və dünyaya yaxın dostluğun bir daha nümunəsini göstərəcəklər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkmənistana rəsmi səfərə gəlib. Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.