Minsk görüşü ölkəmizin növbəti diplomatik qələbəsidir TƏHLİL

21 Noyabr 2018 16:45 (UTC+04:00)

Hazırki dövrədək Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa 5 dəfə, Belorus Prezidenti Aleksandr Lukaşenkonun isə Azərbaycana 4 dəfə rəsmi səfər etməsi, daha dəqiq desək, ölkələrimizin liderləri arasındakı bu cür intensiv təmaslar əlbəttə ki, strateji tərəfdaş olmaları ilə izah edilir. Daha geniş əməkdaşlığa yol açan imkanların, hər iki tərəfin maraq dairəsinə daxil olan məsələlərin çoxluğu, ələlxüsus maraqların birləşməsi münasibətlərin yaxınlaşmasını şərtləndirir.

Prezident İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə son görüşünün protokol üzrə 45 dəqiqə nəzərdə tutulmasına baxmayaraq, dövlət başçılarının təkbətək görüşünün 2 saatdan çox davam etməsi heç də təsadüfi deyil. Görüşün nəzərdə tutulduğundan daha uzun müddət davam etməsi təsdiq edir ki, dövlət başçıları arasındakı münasibətlərin məzmunu və müzakirə gündəliyi olduqca zəngindir. Səmimi dostluq və yüksək qarşılıqlı etimada əsaslanan danışıqlar zamanı ölkələrimiz arasındakı gələcək əməkdaşlıq planları qarşıdakı yeni perspektivlərdən xəbər verir. Səfər çərçivəsində ölkələrimiz arasında kənd-təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənədin imzalanması isə əməkdaşlığın bundan sonra daha geniş miqyasda davam edəcəyini təsdiq edir.

“Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı” Ermənistanın növbəti təcridi deməkdir

İmzalanmış sənədlərin əhəmiyyətindən, mahiyyətindən çox geniş şəkildə qeyd etmək olar, lakin sonuncu səfər çərçivəsində baş tutan görüşlərin yekununda əldə olunan ən vacib sənəd “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı” hesab olunur. Sənəddə Minsk ilə Bakının bir-biri ilə əlaqələrini strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində inkişaf etdirdikləri öz əksini tapır ki, bu da münasibətlərin mahiyyətini aydın şəkildə izah edir. Daha dəqiq desək, Azərbaycanla Belarusun bütün məsələlərlə bağlı bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan müzakirələri, beynəlxalq siyasətdə onlara qarşı irəli sürülən qarayaxma təşəbbüslərindən müdafiə, ortaq maraqların təmin olunması sənəddə öz əksini tapır.
Sənədin 6-cı bəndində vurğulan, “Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbulolunmuş norma və prinsipləri, xüsusilə də, dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllini vacib bilirlər” ifadəsi Azərbaycan üçün daha önəmlidir. Bu, beynəlxalq ictimaiyyətin Belarusun nümunəsində Azərbaycanın haqlı mövqeyinə dəstəyinin daha da güclənməsi anlamına gəlir və Ermənistanın təcridinin növbəti təzahürüdür.
Ermənistanla müttəfiqlik münasibətlərinə malik rəsmi Minskin sənədin 6-cı bəndinə imza atması eyni zamanda işğalçı dövlətlə müttəfiqlik münasibətləri olan dövlətlərin belə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini təsdiq edir. Ermənistanla eyni hərbi-siyasi bloka daxil olan dövlətlərin Azərbaycanın mövqeyini, haqlı olduğunu müdafiə etməsi xüsusilə önəmlidir. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, rəsmi Yerevan nə qədər təbliğat maşınını işə salsa da Azərbaycan həqiqətləri, ölkəmizin ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycan torpaqları olması dünya ölkələri tərəfindən qəbul olunur və dəstəklənir.

Anlaşma Memorandumu təsdiq edir ki, Azərbaycan münaqişənin hərbi yolla həllinə hər zaman hazırdır və güclü olan potensialı durmadan artmaqdadır

Strateji tərəfdaş olan ölkələrin rəhbərlərinin görüşü zamanı hərbi əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirəsi də vacib məsələ hesab olunur və xüsusilə önəmlidir. Azərbaycanla Belarus arasındakı uğurlu hərbi-texniki əməkdaşlıq təcrübəsinə əsaslanaraq Cənab Prezidentin sonuncu səfəri çərçivəsində Bakı və Minsk arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumunun imzalanması ölkəmiz üçün daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın hava hücumundan müdafiə sistemləri və hücum təyinatlı silahlarla təchiz edilməsi üçün yeni müqavilələrin imzalanmasını nəzərdə tutan bu Anlaşma Memorandumu ölkələrimiz arasında hərbi əməkdaşlıq sahəsində heç də ilk addım deyil. Bu vaxta qədər Azərbaycan Belarusdan “Polonez” zenit-raket sistemləri, zirehli texnika və digər hərbi vasitələr də alıb və bundan sonra da bu əməkdaşılığın davam edəcəyi bu baxımdan zərrə qədər şübhə doğura bilməz.
Məsələnin ən önəmli tərəfi ondan ibarətdir ki, Azərbaycan bu əməkdaşlığı davam etdirməklə təsdiq edir ki, ölkəmiz böyük maliyyə vəsaitlərinə malikdir və müstəqil qərar vermək iqtidarındadır. Bu əməkdaşlığın davam etdirilməsi, Anlaşma Memorandumu bir daha təsdiq edir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli variantına da hər zaman hazırdır və güclü olan potensialı durmadan artmaqdadır.

Belarusun Azərbaycana silah satmasından narahatlıq keçirən Paşinyanın təlaşı və çarəsizliyi başa düşüləndir

Prezident İlham Əliyevin Belorusa son səfərindən, imzalanan əməkdaşlıq müqavilələrindən, ələlxüsus hərbi sahədə imzalanan Anlaşma Memorandumundan sonra Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın kürkünə birə düşüb və bu heç də təsadüfi deyil. İrəvanda tələsik mətbuat konfransı çağıran Nikolun təlaşı başa düşüləndir. Belarusun Azərbaycana silah satmasından narahatlıq keçirən Paşinyanın son çarəsi, daha doğrusu çarəsizliyi özünü biruzə verməkdədir və mətbuat konfransı keçirməsi bunu təsdiq edir.
"Belarusun Azərbaycana silah satması Ermənistanın maraqlarına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində əməkdaşlığın ruhuna ziddir" kimi təsirsiz ifadə səsləndirən Nikol Paşinyan özü də çox gözəl başa düşür ki, Ermənistanla eyni hərbi-siyasi bloka daxil olan Belorusun timsalında digər müttəfiqi olan dövlətlər də Azərbaycan həqiqətlərini, ərazi bütövlüyünü qəbul edir və dəstəkləyir. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən küçə nümayişçisini narahat edən əsas məsələ isə odur ki, Azərbaycanın işğalçı dövlət üzərində diplomatik qələbələri artıq davamlı xarakter daşıyır və dövlət başçımızın Minsk görüşü ölkəmizin növbəti diplomatik qələbəsidir.