G20-nin təhlükəsizliyini 22 min polis qoruyacaq

21 Noyabr 2018 15:45 (UTC+04:00)

Argentina hakimiyyəti hüquq-mühafizə orqanlarının 22 min əməkdaşını İyirmilər Qrupu (G20) liderlərinin Buenos-Ayresdə keçiriləcək sammitinin təhlükəsizliyinin təmin olunmasına cəlb edəcək. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç bildirib. Onun sözlərinə görə, nazirliyin daha 700 əməkdaşı təhlükəsizliyin təminatı məsələləri ilə məşğul olacaq.

Ölkənin nəqliyyat naziri Gilyermo Detriç isə öz növbəsində sammitin keçiriləcəyi günlərdə ölkənin paytaxtı Buenos-Ayresin mərkəzinə yaxın ərazidə yerləşən Xorxe Nyuberi adına aeroportun kommersiya reysləri üçün bağlanacağını, şəhərdə bütün qatar reyslərinin ləğv olunacağını, limanın, həmçinin metronun fəaliyyət göstərməyəcəyini bildirib.

Qeyd edək ki, G20 ölkələri liderlərinin sammiti noyabrın 30-dan dekabrın 1-dək Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq.