Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi ilə bağlı tədbir keçirilib YENİLƏNİB - SƏS TV

21 Noyabr 2018 13:41 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının 26-cı ildönümü münasibətilə partiyanın inzibati binasında tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov, Baş nazirin müavini Hacıbala Abutalıbov, YAP İdarə Heyətinin üzvləri Bahar Muradova, millət vəkilləri, partiya üzvləri və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması ölkə tariximizin ən mühüm hadisələrindən biridir: "Partiya ən uğurlu təşkilatlardan biri hesab oluna bilər. Partiya 26 ildir ki Azərbaycan xalqına xidmət edir. 26 illik təcrübəyə əsaslanaraq deyə bilərik ki, xalqımız partiyanın fəaliyyətindən razıdır. Ölkəmiz layiqincə öz vəzifələrini yerinə yetirir. Bu gün Azərbaycan dünyada hörmətlə xatırlanan ölkələr sırasındadır. Bu nailiyyətlərin əldə edilməsində Ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətlə əlaqədardır Partiya cəmiyyətin ən əzəmətli təşkilatı kimi özünü sübut edib. Bu gün siyasi ordu kimi özünü biruzə verməkdədir. Yaşlı əhalimizin hət 10 nəfərindən biri partiyada təmsil olunur".

Ə.Əhmədov söyləyib ki, Partiya sıralarında bu qədər vətəndaşın cəmlənməsi ölkə vətəndaşlarının mütləq əksəriyyətinin Ulu Öndər ideyalarına dərin inamından irəli gəlir: "Əgər vətəndaşlarımızın ürəyindən gələn bu hisslər olmasa idi 725 min insan partiya sırasında cəmlənməzdi. Bu dəstəyin göstəricisidir. Bu gün Azərbaycanda hər hansı siyasi hadisə YAP -ın iradəsindən kənarda mövcud deyil. Partiyanın mövcudluğu sabitliyin əmin amanlığın prinsiplərini özündə ehtiva edir. Bu siyasətə xidmət edən vətəndaşlarımız qəti şəkildə əmin olublar ki, partiyanın mövcudluğu əmin asanlıq, inkişaf, əhalinin rifah halının yaxşılaşdırılması, mövqelərimizin möhkəmlənməsi, müasirləşməsi, ölkəmizin dünyada layiqli yer tutub bu yeri dərinləşdirilməsindən ibarətdir. Partiya ətrafında toplaşan əzəmətli güc bu istiqamətdə əlindən gələni etməyə hazırdır".

Daha sonra çıxış edən Baş nazirin müavini Hacıbala Abutalıbov vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir.

Onun sözlərinə görə, müstəqil dövlətimizin başçısı İlham Əliyev ölkə iqtisadiyyatının tərəqqisinə xidmət edən sosial-iqtisadi proqramların gerçəkləşməsi ilə yanaşı, milli mənəviyyatımızın təməl sütunlarından sayılan mədəniyyət siyasətinin hərtərəfli inkişafına da mühüm əhəmiyyət verir.

H.Abutalıbov əlavə edib ki, böyük xilaskar, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən biri ölkəmizi əbədiyaşar məkana çevirmək məqsədi ilə Şərq dövlətçilik ənənələrinə xas olan şəkildə öz siyasi məktəbini yaratması olub: "Ulu Öndərimiz bu siyasi məktəbin ən parlaq, layiqli nümayəndəsi Prezident İlham Əliyevi müasir Azərbaycanın bugünkü və gələcək inkişafı naminə hazırlayaraq siyasi arenaya çıxara bilib".

Baş nazirin müavini əlavə edib ki, əgər oğul atasından sonra onun millət və dövlət uğrundakı işini ləyaqətlə davam etdirərsə, bunu varisin övladlıq borcu adlandırmaq olar: "Güclü azərbaycançılıq ideologiyasının əsası Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmiz Azərbaycanın yeni lideri, Prezident İlham Əliyevə həvalə olunduqdan sonra o, qısa zaman kəsiyində, yüksələn xətt üzrə ictimai həyatımızın bütün sahələrini əhatə edən uğurlu və məqsədyönlü islahatlar həyata keçirib. Prezident İlham Əliyev müasir Azərbaycanda baş verən modernləşmə proseslərini düzgün məcraya yönəldərək yeni innovasiya və informasiya texnologiyaların tətbiqi prosesini daxili və qlobal mühitin tələblərinə uyğun səviyyədə gerçəkləşməsinə münbit şərait yaradıb. Müstəqil Azərbaycanın milli maraqlarını üstün tutan Prezident İlham Əliyevin dünyada baş verən mürəkkəb hadisələri nəzərə alaraq problemlərin düzgün həlli yollarını böyük ustalıqla tapır".

Azərbaycanının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyət haqqında fikirlərini bildirən H.Abutalıbov söyləyib ki, Mehriban xanım Əliyeva bir evin xanımı olmaqla yanaşı, layiqli Azərbaycan vətəndaşıdır: "Mehriban xanım Əliyevanın həyata keçirdiyi silsilə tədbirlər təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Mehriban xanım Əliyevanın millət, Vətən naminə gördüyü işlər nurlu ömür salnaməsinin parlaq səhifələridir. Azad Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə dövlət quran üç böyük dahi insan haqqında söz yazmaq məsuliyyətli, çətin olsa da bir o qədər də şərəflidir. Çünki sağlam düşüncəli Azərbaycan vətəndaşı bu böyük insanlar qarşısında olan vicdan borcunu dərk edir, Vətən eşqi ilə yaşamağı onlardan öyrənib, öyrənir və öyrənəcək. Azərbaycanın gələcəyi xoşbəxt və firavandır. Çünki ölkəmizə Ümummilli liderin siyasətini uğurla davam edən Prezident İlham Əliyev rəhbərlik edir. Heydər Əliyev dühasından bəhrələnən partiya sədrinə eşq olsun!".

Tədbirin davamında çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, 26 il bundan əvvəl Naxçıvanda təsis olunan və bu ayın bu günüdə yaranan Yeni Azərbaycan Partiyası vasitəsilə bütün bacarığımızı göstərmək şansı qazandığımız siyasi təşkilatdır".

O bildirib ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda ən uzun ömürlü və iqtidarda olan siyasi partiyadır: "Bu tarixə nəzər saldıqda əvvələ qayıtmalı oluruq. Çünki o dövrdə siyasi sabitliyin pozulması, Azərbaycan qarşı tətbiq olunan planlar zamanında yaranan partiyanın üzərinə böyük öhdəlik düşürdü. Partiya bu problemlərin həll etmək kimi öhdəliklərə malik idi. O zaman yaranan partiyalar bir şəxsin ətrafında birləşmədən uzağa gedə bilmədilər. Onlar nəinki problemlərin öhdəsindən gələ bilmədilər. Əksinə Azərbaycanı uçuruma yuvarladılar".

Xalqın müraciəti əsasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdığını xatırladan B.Muradova söyləyib ki, vaxtilə Ulu Öndərə müraciət edənlərə təşəkkür edirik: "Çünki bu addımı atmaqla azad Azərbaycanın yaranması naminə xalqı arxanızca apara bildiniz".

O qeyd edib ki, Partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi kurs əldə olunan nailiyyətlər, eləcə də bu siyasətin uğurlu davamı nəticəsində ölkəmizi daha da inkişafa aparan Prezident İlham Əliyevin fəaliyyətinin müsbət nəticələrini görməkdəyik: "Bu gün qadınlarımız partiyanın demək olar ki, yarısını təşkil edir. Qadınlarımız partiyanın sıralarının genişlənməsində öz töhfələrini verməkdədir. Bu gün I vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini Azərbaycan qadının təmsilçisi kimi dəyərləndirir, Onun fəaliyyətini yüksək qiymətləndirik".

B.Muradova qeyd edib ki, bu gün partiyanın üzvləri öz istəkləri ilə partiyaya qoşulurlar: "Bu gün partiyada gənclərimizin sayı artmaqdadır. Partiyamız ən müxtəlif səviyyələrdə təmsil olunur. Getdikcə xalqın içərisində nüfuzumuz artır. Yeni Azərbaycan Partiyasının həm xalq içərisində nüfuzu, həm də partiyanın namizədinə olan inamı, etimadı artır. Partiya yaranandan müxtəlif sui qəsdlər, separatçılıq, bölücülük istiqamətində cəhdlər olub ki, partiya üzvləri bu problemlərin qarşısında qətiyyətlə dayanaraq onların qarşısını alıb. Partiyamızı qarşıda duran hədəflərə çatdırmalıyıq. Bu illər ərzində ümumi fəaliyyətimizin çox uğurlu nəticələri var ki, bu nəticələr bütün sahələrdə özünü göstərməkdədir. Partiya bir çox ölkələrin tanınmış partiya ilə əlaqələr qurub, birgə fəaliyyətlərdə öz töhfəsini verməkdədir. Azərbaycanda 25 il iqtidarda olan 26 yaşlı partiya xalq tərəfindən dəstəklənir bu ölkəyə inkişaf, çiçəklənmə gətirir. YAP ilə Azərbaycanın bayrağı daimi dalğalansın".

Daha sonra YAP Gənclər Təşkilatının üzvü Mehman Musayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb.