Bahar Muradova: "YAP Azərbaycana inkişaf, çiçəklənmə gətirir"

21 Noyabr 2018 13:25 (UTC+04:00)

"26 il bundan əvvəl Naxçıvanda təsis olunan və bu ayın bu günüdə yaranan Yeni Azərbaycan Partiyası bütün bacarığımızı göstərmək şansı qazandığımız siyasi təşkilatdır". SİA-nın xəbərinə görə, bunu YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova partiyanın 26 illiyi ilə bağlı keçirilən tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda ən uzun ömürlü və iqtidarda olan siyasi partiyadır: "Bu tarixə nəzər saldıqda əvvələ qayıtmalı oluruq. Çünki o dövrdə siyasi sabitliyin pozulması, Azərbaycan qarşı tətbiq olunan planlar zamanında yaranan partiyanın üzərinə böyük öhdəlik düşürdü. Partiya bu problemlərin həll etmək kimi öhdəliklərə malik idi. O zaman yaranan partiyalar bir şəxsin ətrafında birləşmədən uzağa gedə bilmədilər. Onlar nəinki problemlərin öhdəsindən gələ bilmədilər. Əksinə Azərbaycanı uçuruma yuvarladılar".

Xalqın müraciəti əsasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdığını xatırladan B.Muradova söyləyib ki, vaxtilə Ulu Öndərə müraciət edənlərə təşəkkür edirik: "Çünki bu addımı atmaqla azad Azərbaycanın yaranması naminə xalqı arxanızca apara bildiniz".

O qeyd edib ki, Partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi kurs əldə olunan nailiyyətlər, eləcə də bu siyasətin uğurlu davamı nəticəsində ölkəmizi daha da inkişafa aparan Prezident İlham Əliyevin fəaliyyətinin müsbət nəticələrini görməkdəyik: "Bu gün qadınlarımız partiyanın demək olar ki yarısını təşkil edir. Qadınlarımız partiyanın sıralarının genişlənməsində öz töhfələrini verməkdədir. Bu gün I vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini Azərbaycan qadının təmsilçisi kimi dəyərləndirir, Onun fəaliyyətini yüksək qiymətləndirik".

B.Muradova qeyd edib ki, bu gün partiyanın üzvləri öz istəkləri ilə partiyaya qoşulurlar: "Bu gün partiyada gənclərimizin sayı artmaqdadır. Partiyamız ən müxtəlif səviyyələrdə təmsil olunur. Getdikcə xalqın içərisində nüfuzumuz artır. Yeni Azərbaycan Partiyasının həm xalq içərisində nüfuzu, həm də partiyanın namizədinə olan inamı, etimadı artır. Partiya yaranandan müxtəlif sui qəsdlər, separatçılıq, bölücülük istiqamətində cəhdlər olub ki, partiya üzvləri bu problemlərin qarşısında qətiyyətlə dayanaraq onların qarşısını alıb. Partiyamızı qarşıda duran hədəflərə çatdırmalıyıq. Bu illər ərzində ümumi fəaliyyətimizin çox uğurlu nəticələri var ki, bu nəticələr bütün sahələrdə özünü göstərməkdədir. Partiya bir çox ölkələrin tanınmış partiya ilə əlaqələr qurub, birgə fəaliyyətlərdə öz töhfəsini verməkdədir. Azərbaycanda 25 il iqtidarda olan 26 yaşlı partiya xalq tərəfindən dəstəklənir bu ölkəyə inkişaf, çiçəklənmə gətirir. YAP ilə Azərbaycanın bayrağı daimi dalğalansın".