Astaralılar YAP-ın yaranmasının 26-ci ildönümünü qeyd ediblər

21 Noyabr 2018 10:35 (UTC+04:00)

20 Noyabr 2018-ci il tarixdə Astara rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 26 ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları Ulu öndərin YAP Astara rayon təşkilatının inzibati binasındakı abidəsi önünə tər gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini yad ediblər.

YAP Astara rayon təşkilatının akt zalında davam edən tədbiri giriş sözü ilə Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açıb. Q.Ağayev Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 26 illik tarixi yoldan, partiyanın hakim siyasi təşkilat kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunan misilsiz uğurlu nəticələrin bu gün partiyanın sədri, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində yeni-yeni uğurlara yol açmasından danışıb.

Rayon İcra hakimiyyətinin başçısı bildirib ki, 26 il tarixi baxımından qısa müddət olsa da ötən illər Yeni Azərbaycan Partiyasının həyatında, müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və Dünya Dövlətləri arasında özünə layiqli yer tutmasında uğurlu illər olub: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərdə formalaşıb, vətənpərvər xalqına, ölkəsinə, millətinə xidmət etmək istəyən insanların təşəbbüsü ilə təşəkkül tapıb. YAP təkcə bu günlə yox, həmdə daha çox gələcəklə yaşayır. Ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Partiyanın dünəni zəngin və şərəflidir. Partiyanın bu günü fəal quruculuq və xalqa xidmət qayğılarından ibarətdir. Biz indi gələcəyə xidmət edirik. Aydın proqramımız, güclü rəhbərimiz və partiyamızın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək, iri addımlarla irəliləyirik".

YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov çıxış edərək partiyanın şərəfli mübarizə tarixindən, Ümummilli Lider Heydər Əliyevin doğma xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb: "YAP-ın yaranması mürəkkəb və çətin bir dövrə təsadüf edib. Yüz minlərlə insan Heydər Əliyevin Azərbaycana qayıdışını gözləyirdi. Heydər Əliyevi hakimiyyətə çağırmaqla Azərbaycan xalqı ölkəmizi parçalanmaqdan, vətəndaş müharibəsindən qorudu. Eyni zamanqda, YAP-ın xalqın ən inamlı partiyası olmasını şərtləndirən digər vacib amil partiya sıralarına Azərbaycanın sağlam və intellektual gənclər ordusunun axınıdır. Bütün bunlar, eyni zamanda, təməli 26 il öncə qoyulmuş Yeni Azərbaycan Partiyasının apardığı siyasətin təməllərindən biridir".

F.Əhmədov onu da vurğulayıb ki, bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir.

Tədbirdə YAP Astara rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, YAP Astara rayon təşkilatı gənclər birliyinin sədiri Tural Eyvazov, RİH-nın məsul işçisi Elnur Rəsulov, rayon təhsil şöbəsinin məhsul işçisi Vüqar Şahbazov, Astara pedaqoji kollecin müəllimi Leyla Əliyeva, MRX həkimi Aytən Şiriyeva Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbacyan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs ediblər.

Sonra YAP sıralarına yeni qoşulan gənclərə partiya üzvlük vəsiqələri və fəal gənclərə Fəxri Fərmanlar təqdim olunub.