Hindistanda sursat anbarında partlayış baş verib

20 Noyabr 2018 18:32 (UTC+04:00)

Hindistanın Maharaştra ştatında mərkəzi sursat anbarında güclü partlayış nəticəsində ən azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb. SİA Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə Vardha rayonu ərazisində baş verib. Partlayışa istifadə müddəti bitmiş sursatların anbara yaxın ərazidə məhv edilməsi zamanı ehtiyatsızlıq səbəb olub.

Yerli polis məntəqəsinin zabiti bildirib ki, yaralananlardan 4-nün vəziyyəti ağırdır. Bütün yaralılar xəstəxanalara yerləşdiriliblər, hazırda təhqiqat aparılır.

Məlumata görə, vaxtı keçmiş sursatların partlayışla məhv edilməsi prosesini müqavilə əsasında bir neçə şirkət həyata keçirirmiş. Həmin şirkətlər yaxınlıqdakı kəndin sakinlərinə cüzi əməkhaqqı ödəməklə onları prosesə cəlb edirmişlər. Partlayış zamanı ölənlərin də kənd sakinləri olduğu bildirilir.