Paşinyan Azərbaycan-Belorus əməkdaşlığı barədə Ermənistana zərbə vuruldu

20 Noyabr 2018 14:59 (UTC+04:00)

KTMT-dəki uğursuzluqların ardınca, hələ də bu qurumda “söz sahibi” olduğunu sanan Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Azərbaycan-Belorus strateji əməkdaşlığından ciddi təşvişə düşdüyünü gizlətməyib. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri çərçivəsində Belorusun dövlət başçısı Aleksandr Lukaşenko ilə bir çox sahələrdə, o cümlədən, hərbi-strateji sahədə eyni fikirlərini bölüşməsi onun təşvişini artırıb və bəyanat səsləndirməyə məcbur edib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, Belorusda imzalanmış ikitərəfli memorandum əsasında silah təchizatı məsələsinin də yer almasından narahat olan Nikol Paşinyan bildirib ki, bu anlaşmalar KTMT üzvü olan Ermənistanın maraqlarına zərbədir.

“Mən artıq demişəm, hazırkı məqamda növbəti izah olunacaq əsas məsələ budur: təşkilatda olan hər bir ölkə üçün aydın olmalıdır ki, onun hərbi-siyasi partnyoru qarşısında hansı vəzifələr qoyulub”, deyən ermənilərin siyasi lideri hətta iddia edib ki, Ermənistan KTMT-dəki digər ölkələrdən fərqli olaraq, müttəfiqlik borcundan tam şəkildə çıxır və bunu digər partnyorlar (burada Belorus, Qazaxıstan və Rusiya nəzərdə tutulur-red.) barədə demək olmaz.

Qeyd edək ki, KTMT-nin son sammitində Belorus və Qazaxıstan birmənalı olaraq, Ermənistanın bu quruma rəhbərlik etməsinin əleyhinə çıxıblar. O cümlədən, Rusiya da bu ölkələrin mövqeyini bölüşüb. Nəticədə Ermənistanın nəinki 2020-ci ilə qədər KTMT-yə rəhbərliyi, hətta bu təşkilatı tərk etməsi ehtimalları artmağa başlayıb. Azərbaycanın isə Ermənistandan fərqli olaraq, KTMT-də müşahidəçi statusu almaq şansı yaranıb.

Xatırladaq ki, bir müddət öncə istər Belorusda fəaliyyət göstərən Azərbaycan səfirinin bu ölkənin prezidenti ilə görüşündə, istərsə də Belorusun səfirinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ölkələrin başçıları eyni mövqedən çıxış edərək, dostluq və əməkdaşlığın daha da artırılmasında maraqlı olduqlarını bildiriblər.

Ermənistan tərəfi isə buna etirazını bildirərkən, Belorus tərəfinin sərt və kəskin bəyanatı ilə qarşılaşmalı olub.

Rövşən NURƏDDİNOĞLU