"Azərbaycan-Belarus münasibətləri yeni böyük nəticələrə gətirib çıxaracaq" ŞƏRH-ÖZƏL

20 Noyabr 2018 14:01 (UTC+04:00)

“Azərbaycan-Belarus münasibətlərində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin sonuncu səfəri 25 illik dinamik tarixi olan münasibətlərin indiyə qədərki nəticələrini qiymətləndirmək və yeni perspektivləri müəyyənləşdirmək üçün çox önəmli oldu. İki ölkənin əlaqələrinin daha möhkəm və səmimi əsaslar üzərində qurulduğu nümayiş etdirildi”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, səfər zamanı Belarus-Azərbaycan əməkdaşlığının böyük keçmişi olduğu kimi, böyük gələcəyinin də olduğu bir daha təsdiqləndi: “Belarus-Azərbaycan münasibətlərinin strukturunun bir çox başqa ikitərəfli formatlardan aşkar fərqli olduğunu indi hamı müşahidə edə bilər. Belə ki, bu əlaqələr həm iki ölkənin böyük iqtisadi-ticarət investisiya potensialı üzərində qurulur, həm də iki prezidentin dərin anlaşıqlı şəxsi münasibətlərinə söykənir. Sonuncu amil bundan sonra hələ uzun illər iki ölkənin böyük potensiallarının üzə çıxarılmasına və xalqların qarşılıqlı rifahına yönəldilməsinə imkan verəcək”.

A. Quliyevin sözlərinə görə, dünyada çox nadir ölkələrin timsalında rast gəlmək olar ki, münasibətlər iki liderin arasında qapalı mövzunun qalmadığı həddə qədər dərinləşdirilə bilsin: “Şərti yanaşsaq, Azərbaycan-Belarus münasibətlərindəki sonrakı mərhələ beş istiqaməti əhatə etməklə yeni böyük nəticələrə gətirib çıxaracaq. Bunlar ticarət, iqtisadi, qarşılıqlı investisiya, hərbi-texniki, beynəlxalq təşkilatlarda fasiləsiz əlbir fəaliyyət və üçüncü ölkələrin bazarlarının rifah naminə birgə mənimsənilməsidir. Göstərilən istiqamətlərin hər biri üzrə indiyədək iki ölkənin prezidentləri nəzərə çarpan nəticələrə vara biliblər. Ancaq qarşıda daha böyük nəticələrə yetişmək imkanları məhz Prezident İlham Əliyevin bu səfərində açıldı”.

Baş redaktor söyləyib ki, Belarusda və Azərbaycanda dəyəri milyard dollarlarla ölçülə bilən investisiya layihələri indi daha real görünür: “Çox yaxınlarda Belarusla bizim üçün çox vacib olan yeni hərbi-texniki sazişin imzalanacağına artıq şübhə yoxdur. Bu, Azərbaycana Belarusun silah satışı ətrafında uğursuz qalmaqallar yaratmaq istəyən Ermənistana çox tutarlı zərbə olacaq. Azərbaycan diplomatiyası indiyədək ortaya bir neçə səmərəli işləyən üçtərəfli əməkdaşlıq formatları çıxara bilib. Prezident İlham Əliyevin Belarusdakı müzakirələri Azərbaycan – Belarus - Türkiyədən ibarət yeni üçtərəfli formatın konturlarını yaratdı”.

Belarus-Azərbaycan əlaqələrinin dərinləşməsinin Dağlıq Qarabağ probleminin həllinin tezliklə irəliləməsinə yollar açmaq baxımından da təsirli olacağını deyən A. Quliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Belarusun Azərbaycan qədər beynəlxalq hüquq normalarının yanında möhkəm qərarlaşdığı son görüşlərdə bir daha təsdiqləndi.