Ümumi təhsil müəssisələri arasında memorandum imzalanıb

20 Noyabr 2018 13:29 (UTC+04:00)

Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki 45, 57, 82, 177, 202, 283, 297 nömrəli tam orta məktəblər, 246 nömrəli məktəb-lisey, 291 nömrəli Ekologiya liseyi ilə 36 nömrəli məktəbdə yaradılan Distant Təhsil və İnkişaf Mərkəzi arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. İdarədən SİA-ya verilən xəbnərə görə, qeyd olunan təhsil müəssisələri ümumi maraq kəsb edən sahələrdə, yəni rəqəmsal laboratoriyanın birgə istifadəsi, müasir təlim metodlarının mübadiləsi, müəllimlərin təkmilləşdirilməsi və kadr potensialının yüksəldilməsi, şagirdlərin şəxsiyyətyönümlü inkişafı istiqamətlərində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, Distant Təhsil və İnkişaf Mərkəzi Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində qalib gəlmiş “Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və iş prosesində müasir təlim texnologiyalarının tətbiqi formaları” layihəsi çərçivəsində yaradılıb. Layihə çərçivəsində 300 müəllim üçün müasir dərslərin hazırlanması və qiymətləndirilməsi, Prometan interaktiv texnologiyalardan tədris prosesində istifadə istiqamətində təlimlər təşkil edilib.